Birxeber.az / Prezident seçkiləri üzrə qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır

Prezident seçkiləri üzrə qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır

29-01-2024, 10:40

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib.

"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var: "Hər məntəqəyə 15-ə qədər müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var".

M.Pənahov söyləyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatır. Onun sözlərinə görə, müşahidəçilər ATƏT, MDB və digər beynəlxalq təşkilatları təmsil edir: "Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də var. MSK dəvət etdiyi komissiyaların rəhbərləri və numayəndələri də var".

MSK sədri qeyd edib ki, Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb: "Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib sayırıq. Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi olmalıdır ki, işğaldan azad bölünmüş ərazilərdə ciddi müşahidə aparsın. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq".

Geri qayıt