Birxeber.az / BP-nin vitse-prezidenti Azəri Mərkəzi Şərqi platformasında olub

BP-nin vitse-prezidenti Azəri Mərkəzi Şərqi platformasında olub

20-01-2024, 18:50

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 16-20 yanvar tarixlərində Bakıda 5 günlük planlaşdırılmış işgüzar səfərdə olub.

APA xəbər verir ki, BP qrupunun bir sıra yüksək səviyyəli mütəxəssislərinin də daxil olduğu səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi və əməliyyatçısı olduğu layihələr üzrə 2024-cü il üçün planlaşdırılmış işlərlə tanış olmaq olub.

Səfər zamanı cənab Birrel şirkətin regiondakı işçi heyəti ilə də görüşmüş və BP-nin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyət və görüləsi perspektiv işlər haqqında şirkətin regional rəhbərliyi ilə müzakirələr aparıb.

Yanvarın 19-da cənab Birrel BP-nin əməliyyatçısı olduğu və dənizdə yeni quraşdırılmış Azəri Mərkəzi Şərqi (ACE) platformasına səfər etmiş və bu ilin əvvəllərinə planlaşdırılmış ilk ACE neftinin əldə olunması üçün aparılan hazırlıq işləri ilə tanış olub.

Həmçinin, səfər proqramı çərçivəsində cənab Birrellə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və SOCAR-ın prezidenti Rövşən Nəcəf arasında işgüzar görüşləri olub. Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunub.

Geri qayıt