Birxeber.az / Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn ər-arvad dəm qazından boğularaq ölüb, cinayət işi açılıb - YENİLƏNİB-1

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn ər-arvad dəm qazından boğularaq ölüb, cinayət işi açılıb - YENİLƏNİB-1

9-04-2024, 17:50

Lənkəranda ər-arvadın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq Lənkəran rayon prokurorluğundan bildirilib.

Məlumata görə, aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

11.56

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn və evdə meyitləri tapılan ər-arvadın dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Birxeber.Az-nın yerli bürosunun xəbərinə görə, yaxınları evin tüstü bacasının içində quşun yuva qurduğunu aşkarlayıblar.

Tüstü bacası bağlı olduğu üçün qaz sobasından dəm qazı yarandığı və ər-arvadın zəhərlənərək öldüyü bildirilir.


***

10.40

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

Birxeber.Az-nın cənub bürosunun xəbərinə görə, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və evdə meyitlərini aşkarlayıblar. Onların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə, ər və arvad dəm qazından boğularaq ölüblər.

Geri qayıt