Birxeber.az / Biləsuvar və Cəlilabadda 20 Yanvar şəhidləri anılıb

Biləsuvar və Cəlilabadda 20 Yanvar şəhidləri anılıb

20-01-2024, 18:40

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı uğrunda həlak olan biləsuvarlı şəhidlərimizin əziz xatirəsini yad ediblər.

"Report"un Muğan bürosu xəbər verir ki, anım mərasimindən sonra tədbir iştirakçıları rayonun Çaylı kəndindən olan 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun və Vətən Müharibəsi şəhidlərinin kənd qəbiristanlığındakı məzarlarını ziyarət edərək, əziz xatirələrini yad ediblər.

Faciə qurbanlarının əziz xatirəsini yad etmək üçün saat 12:00-da respublikanın hər yerində olduğu kimi, Biləsuvarda da bir dəqiqəlik sükut elan olunub, avtomobillərdən siqnallar verilib.

Cəlilabadda da 20 Yanvar - Ümumxalq Hüzn Günü qeyd olunub.

Ümumxalq Hüzn Günü ilə əlaqədar Cəlilabad şəhərindəki Şəhidlər Parkı abidə kompleksində anım mərasimi keçirilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüb, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Şəhidlərin ruhuna dualar oxunub.

Bakı vaxtı ilə saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Geri qayıt