Birxeber.az / Soltan Məmmədov: COP29 planetin taleyini dəyişəcək qərarların qəbulu üçün bir imkandır - MÜSAHİBƏ

Soltan Məmmədov: COP29 planetin taleyini dəyişəcək qərarların qəbulu üçün bir imkandır - MÜSAHİBƏ

8-04-2024, 14:50

Milli Məclisin deputatı Soltan Məmmədovun Birxeber.Az-ya müsahibəsi


- Bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Necə düşünürsünüz, COP29 konfransı iqlim probleminin miqyasını və aktuallığını əks etdirəcəkmi?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi Prezident İlham Əliyevin qələbəsi və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biri kimi qəbul edilir. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə fəal iştirak edirik. Qarşımızda 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması əsas hədəflərdən biri kimi müəyyən olunub. Azərbaycan 2050-ci ilə bu göstəricini 40 faizə çatdırmağı planlaşdırır.

Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqan hesab olunur. COP29 ekoloji problemlərin həlli üçün dünya dövlətlərinin səylərini birləşdirən güclü qlobal forumdur. Bu sessiya iqlim dəyişikliyinin təsirlərinin mümkün qədər minimuma endirilməsinə, “yaşıl enerjiyə keçid” təcrübəsinin daha geniş miqyasda tətbiqinin təşviq olunmasına xidmət edəcək.

Bu gün dünyada iqlim dəyişikliyinin əsas səbəblərindən biri kimi, şəhərlərin çoxalması, sənaye istehsalının böyük həcmdə artması, eyni zamanda, şəhər əhalisinin çoxalması göstərilir. Qlobal miqyasda götürdükdə qarşıdakı onilliklərdə şəhərlərdə yaşayan yüz milyonlarla insanın ekoloji problemlərdən, təbii fəlakətlərdən, o cümlədən, dəniz səviyyəsinin yüksəlməsi, artan yağıntıların, daşqınların, bir sözlə, qlobal istiləşmənin təsirinə məruz qalacağı proqnozlaşdırılır. Bəzi məlumatlara görə, 10 milyondan çox əhalisi olan sahil şəhərləri artıq real təhlükə ilə üz-üzə qala bilər. Risklər getdikcə artır, ona görə də dünya çox mühüm çağırışlarla üz-üzədir. Lakin təəssüf ki, bir çox ölkələr son illərə qədər bu təhdidlərə o qədər də diqqət ayırmayıb, hazırlıq görməyib. Burda ən vacib məsələlərdən biri ondan ibarətdir ki, iqlim fəlakətlərinə reaksiyanın sürəti o qədər də qənaətbəxş deyil, bu mövzuda ictimai maarifləndirmə səviyyəsi də aşağıdır. COP29 dövlətləri bütün planeti gözləyən təhlükəyə qarşı səfərbər etmək baxımından faydalı platformadır. İndi dünya dövlətlərinin, xüsusilə də böyük iqtisadiyyata malik ölkələrin bəşəriyyətin ümumi mənafeləri naminə ciddi, qətiyyətli addımlar atmağının vaxtıdır. Düşünürəm ki, COP29 bu addımların, ümumiyyətlə iqlim dəyişikliyi ilə mübarizə üzrə vahid strategiyanın qəbul edilməsinə çox böyük töhfə verə bilər. Nəticələrin necə olacağını isə zaman göstərəcək.

- COP29-la bağlı hazırda hansı işlər görülür?

- 2023-cü il dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə göstəriş verdi. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin iclaslarında hazırlıq işlərinin vəziyyəti barədə mütəmadi olaraq məlumat verilir. Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizmi qurulub. Tədbirə hazırlıqla əlaqədar mütəmadi olaraq görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Bu, çoxşaxəli və mürəkkəb bir prosesdir. Tədbirin bütün detallarını, təşkilati, texniki tərəflərini ciddi şəkildə hazırlamağa ehtiyac var. Hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət qurumlarının prosesə cəlb olunması COP29-un ən yüksək səviyyədə təşkilinə imkan yaradacaq.

- COP29 çərçivəsində Azərbaycanın mina probleminə dair məsələ gündəlikdə yer alacaqmı? Eyni zamanda, COP29 çərçivəsində Azərbaycana səfər edəcək nümayəndələrin işğaldan azad olunmuş bölgələrə səfəri mümkündürmü?

- Minaların ətraf mühitə, ekosistemə təsiri mübahisəsizdir. Basdırılmış minaların təmizlənməsi zamanı da torpaq çirklənir. Nəticədə isə torpağın strukturu korlanır. Bu, Azərbaycana dəyən yüz milyardlarla dollar zərərdir. Çünki mina partlayışlarından sonra meydana gələn plastik tullantılar ekoloji fəsadlar yaradır. Ona görə də bu cür mövzuların COP29 kimi tədbirdə müzakirə olunması tamamilə məntiqlidir. Bundan başqa Ermənistanın müharibə dövründə Azərbaycana vurduğu ekoloji zərər ciddi rəqəmlərlə ölçülür. Oxçuçayın həddindən artıq çirklənməsinə mis-molibden kombinatı və filiz saflaşdırma kombinatının fəaliyyəti səbəb olub. Bu müəssisələrdə meydana gələn çirkab sularının təmizlənmədən çaya axıdılması bütövlükdə regionun ekoloji təhlükəsizliyinə ciddi təhdid olmaqla insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq məhv edilib. Ümumiyyətlə, 30 illik işğal dövründə təbii sərvətlərimiz talanıb, mədənlər ekoloji norma və tələblərə uyğun olmayan şəkildə istismar edilib, çaylarımız çirkləndirilib, qiymətli meşə zolaqları məhv edilib, nadir ağaclar kəsilib. İndi bu ekoloji terrorun nəticələrini COP29 iştirakçılarının da öz gözləri ilə görməsi əlbəttə ki, çox vacib məsələlərdən biridir.

- COP29-da əsasən hansı məsələlər prioritet təşkil edəcək?

- Bu gün iqlim dəyişikliyi ilə mübarizə sahəsində ən vacib məsələlərdən biri maliyyə problemidir. COP-un son sessiyalarında da bu məsələ ətrafında müzakirələr aparılıb. 2022-ci ildə keçirilən sessiyada ayrıca fond yaradılıb. Bu fond iqlim dəyişikliklərinin təsirinə daha çox məruz qalmış inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə xidmət edir. Bu fondun ehtiyatları cəmi 700 milyon dollardır. Lakin bu gün iqlim dəyişiklikləri ilə mübarizəyə dəfələrlə çox vəsait tələb olunur. Bu baxımdan, COP29-un mövzusunun maliyyə məsələsi olması təsadüfi deyil. İqlim dəyişiklikləri ilə mübarizədə maliyyənin çox vacib rolunu nəzərə alaraq, bu prosesin həyata keçirilmə mexanizmlərinin daha da təkmilləşdirilməsi zərurəti mövcuddur. Eyni zamanda, özəl sektorun da maliyyələşmə prosesinə cəlb olunması ilə bağlı müzakirələr aparılması gözlənilir. İndi iqlim dəyişiklikləri, ekoloji problemlər elə bir səviyyəyə gəlib çatıb ki, təcili tədbirlər görülməlidir. Bu tədbirləri isə maliyyələşmə mexanizmləri olmadan həyata keçirmək mümkün deyil. Bu baxımdan, COP29 çox strateji bir məsələnin müzakirəsinə həsr olunacaq. Əgər qlobal kontekstdə yanaşsaq, bu müzakirələr planetin taleyini dəyişəcək qərarların qəbulu üçün imkan deməkdir.

- COP29-dan gözləntiləriniz nələrdir?

- Bu, elə bir vacib platformadır ki, bütün dünyanın ciddi gözləntiləri var. Dünya öz tarixinin ən həlledici məqamlarından birini yaşayır. Bizim gələcəklə bağlı narahatlığımız var. Çünki ekoloji məsələlər insanların sağlamlığını bəlkə də təsəvvür etdiyimizdən daha çox təhdid edir. Ona görə də həm qərarların qəbul olunması, həm də icrası prosesi sürətli olmalıdır. Daha geniş prizmadan baxsaq, ekoloji problemlərin həlli bütün dövlətlərin və xalqların maraqlarına xidmət edir. Lakin uğur qazanmaq üçün daha çox diqqət və resurslar tələb olunur. Düşünürəm ki, Tərəflər Konfransı bu resursları səfərbər etmək istiqamətində konkret və ardıcıl addımların atılmasına xidmət edəcək.

- Daha əvvəlki sessiyalarda bu praktika tətbiq olunduğunu nəzərə alsaq, COP 29 çərçivəsində parlament görüşünün təşkili də mümkündürmü?

- Bu məsələ ətrafında müzakirələr aparılır. Parlamentlərarası İttifaq tərəflər konfransında görüşlərin təşkili vasitəsilə parlamentin fəal iştirakını təşviq edir. Ötən il COP28-də Parlament İclasında 70-dən çox ölkədən 400-dən artıq nümayəndə iştirak edib. İlk dəfə olaraq COP Yaşıl Zonasında Parlament İclası keçirilib. Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə COP29 zamanı Parlament İclası keçirməsi müzakirə olunur. Belə bir iclasın təşkili parlamentarilərə aparıcı iqlim ekspertləri ilə fikir mübadiləsi aparmaq, ortaq iqlim problemlərinin həllində parlamentlərarası əməkdaşlıq yollarını tapmaq baxımından əhəmiyyətli ola bilər. Məlum olduğu kimi, COP29-da əsas mövzulardan biri maliyyələşdirmə olacaq. Çünki parlament üzvləri ictimaiyyəti iqlim dəyişiklikləri ilə mübarizədə maliyyənin rolunun həlledici olduğunu təşviq edə bilərlər. Bununla yanaşı, dövlət büdcəsindən bu sahəyə maliyyənin yönəldilməsində parlamentarilər çox vacib hüquqi prosedurları həll edirlər, büdcə ayırmaları məhz qanunverici orqanların nümayəndələri tərəfindən qəbul olunur. Bu baxımdan, düşünürəm ki, COP29 çərçivəsində parlament görüşünün təşkili bu tədbirin uğurla nəticələnməsinə əlavə bir töhfə ola bilər.

- Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə daha hansı addımları atmalıdır?

- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də təmiz ətraf mühit və yaşıl artım ölkəsi əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Bura külək, günəş enerjisi və digər bərpa olunan enerji növləri daxildir. Qazıntı enerji resursları ilə zəngin olsa da, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət ayırır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasıdır. Bildiyiniz kimi, “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilib. Bu proqram bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradır. Eyni zamanda, bir çox ölkələrlə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair müqavilələr imzalanıb. Bizim ölkəmiz 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi qarşıya məqsəd qoyub. Son illərdə külək və günəş enerjisi istehsalında böyük yüksəliş qeydə alınıb və bu dinamikanın növbəti illərdə artan templə davam edəcəyi proqnozlaşdırılır. Yəni dövlət bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır, eyni zamanda, resurslarımız da hədəflərə çatmağa imkan yaradır. Təkcə bir faktı xatırladım ki, Azərbaycan Dünya İqtisadi Forumunun hesabatlarında Enerji Keçidi İndeksinə 32-ci yerdədir. Ümumilikdə, dünya üzrə orta ETİ göstəricisi 56,3 olduğu halda, Azərbaycanda bu göstərici 62-dir. Bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır.

- “Yaşıl enerji” istehsalına bu dərəcə sürətli keçid hansı zərurətdən doğur?

- Qazıntı yanacağının sənayedə geniş istifadəsi qlobal istiləşməyə və iqlim dəyişikliklərinə səbəb olur. Çünki, bu yanacağın istifadəsi zamanı istixana qazları atmosferə buraxılır. Qlobal istiləşmənin bu templə davam etməsi isə dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər. Nəticədə təbii fəlakətlər baş verə, ətraf mühitə böyük ziyan dəyə bilər. Ona görə də, 2015-ci ildə Paris İqlim Konfransı zamanı 200-ə yaxın ölkə saziş imzalayaraq qlobal istiləşməni Selsi üzrə 1,5 dərəcə səviyyəsində saxlamağa çalışmaq öhdəliyi götürüb. 2050-ci ilə qədər sıfır CO2 emissiyasına nail olmaq əsas hədəfdir. Lakin istixana qazlarının səviyyəsi hələ də sürətlə yüksəlir. Bu o deməkdir ki, qlobal istiləşmənin 1,5 dərəcədən yüksək olması ehtimalı hələ də güclüdür. Bu isə artıq qlobal çağırış kimi qəbul olunur. “Yaşıl enerji” siyasətinin əsas hədəflərindən biri dünya iqtisadiyyatının daha sağlam təməllər üzərində inkişafına nail olmaq, eyni zamanda, işsizlik səviyyəsini azaltmaqdır.

- “Yaşıl enerji” və bərpaolunan enerjinin istehsalı ilə bağlı hansı ölkə və regionları “şanslı” hesab etmək olar?

- Dünya ölkələri alternativ enerji mənbələrinə sürətli keçidi prioritet məsələ hesab edirlər. Enerji mənbələri arasında 2020-ci ildə yeganə artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının 5 faiz azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib.

Alternativ enerji mənbələrinin inkişafına görə Çin dünyada birinci sırada qərarlaşır və son 10 ildə bərpaolunan enerji tutumunu əhəmiyyətli dərəcədə artırmağa nail olub. Çin bu gün bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyada ilk yerdədir. Gözlənilir ki, Çin 2060-cı ilədək istehsal etdiyi enerjinin 80 faizini alternativ mənbələrdən əldə edəcək. ABŞ və Avropa ölkələri də bu istiqamətdə ciddi səylər göstərir. Avropa İttifaqının enerji strategiyasına əsasən, bərpaolunan enerji resurslarının payının yüksələcəyi hədəflənir. Almaniya bərpa olunan enerji mənbələrinin inkişafında və tətbiqində ən qabaqcıl texnologiyaları tətbiq edir. Əlbəttə bir çox digər ölkələri də qeyd etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan da bu sahədə kifayət qədər uğurlu addımlar ata bilib. 2027-ci ilədək 8 bərpa olunan enerji istehsalı stansiyasının qurulması planlaşdırılır. Ötən il Qaradağ Günəş Elektrik Stansiyası fəaliyyətə başlayıb. Qarşıdakı illərdə digər stansiyaların da fəaliyyətə başlayacağı gözlənilir. Bu proses davamlı xarakter daşıyır. Azərbaycan hökuməti Avstraliya, Çin, Yaponiya, İndoneziya, BƏƏ, Özbəkistan, Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrin hökumətlər və şirkətləri ilə yaşıl enerji sahəsinə dair əməkdaşlıqla bağlı memorandumlar imzalayıb.

- “Yaşıl enerji” və bərpaolunan enerji istehsalı keçidinin ləngidiləcəyi təqdirdə dünyamızı hansı çətinliklər gözləyir?

- “Yaşıl enerji”yə keçidin sürətləndirilməsi qlobal hədəflərdən biri kimi qəbul olunur. Dövlətlər bu məsələnin ciddiliyinin və əhəmiyyətinin fərqindədirlər. Əvvəlki suallara cavab verərkən də qeyd etdiyim kimi, biz son dərəcə vacib və taleyüklü bir mərhələdəyik. Ona görə də bərpaolunan enerji mənbələrindən istifadə təcrübəsinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, COP29 bu baxımdan, çox böyük dəyişikliklərə vəsilə ola bilər.

Foto - İlkin Nəbiyev ©️ Birxeber.Az GROUP
Geri qayıt