Birxeber.az / Ağdabanlı Aşıq Şəmşirin nəvəsi: “Bu ocağın işığını yenidən yandıracağıq”

Ağdabanlı Aşıq Şəmşirin nəvəsi: “Bu ocağın işığını yenidən yandıracağıq”

7-04-2024, 17:50

“1992-ci ildə aprelin 8-də işğal zamanı mənfur düşmən elimizin, obamızın ziyarət yeri olan Aşıq Şəmşirin evini dağıtdı. Atası şair Qurban Ağdabanın və özünün bütün əlyazmaları ermənilər tərəfindən məhv edildi.”

Bunu APA-ya Aşıq Şəmşirin nəvəsi Ərşad Qaraşov Ağdaban faciəsinin ildönümü ilə əlaqədar kəndə təşkil olunmuş ziyarət zamanı deyib:

“Bu evi Şəmşir baba öz əlləri ilə tikmişdi. O, bu evdə yaşayıb, yaradıb. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şagirdi olub. Gördüyünüz kimi kəndi dağıdıb talan edən düşmənlər müqəddəs yerlərimizi yağmalayıblar. Mənfur düşmən öz vəhşiliyini etsə də, sənəti insanlığın yaddaşından heç kim silə bilməz. Şəmşir baba bu gün də var, sabah da olacaq. Gün, o gün olsun ki, Şəmşir babanın nəvələri və bütün elimiz bu yurdu yenidən qursun, ocağının işığı yenidən yansın, bütün Azərbaycanımızı bu möhtəşəm ziyarətgahda qarşılamağa hazır olaq.”

Xatırladaq ki, 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə erməni hərbi birləşmələri Ağdaban kəndini yerlə-yeksan edərək növbəti soyqırıma imza atıblar. Kənd tamamilə yandırılıb, tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb. Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı aşıq Qurbanın və oğlu aşıq Şəmşirin əlyazmaları, o cümlədən ev muzeyi yandırılıb. Aşıq Şəmşir nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olub.

Fuad Sadıqov

Geri qayıt