Birxeber.az / Naxçıvanda şəhidin xatirəsi doğulduğu kənddə əbədiləşdirilib

Naxçıvanda şəhidin xatirəsi doğulduğu kənddə əbədiləşdirilib

6-04-2024, 17:40

Vətən müharibəsi şəhidi, xüsusi təyinatlı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İslam Eyvazovun xatirəsinə abidə ucaldılıb.

“Birxeber.Az”un Naxçıvan bürosu xəbər verir ki, onun doğulub boya-başa çatdığı Naxçıvan şəhər Qaraxanbəyli kəndində keçirilən açılış tədbirində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Tədbirdə hökumət nümayəndələri, şəhid ailələri üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, tələbə və şagirdlər iştirak ediblər.

Şəhidin anası Aytən Eyvazova övladı ilə bağlı xatirələrini bölüşüb, göstərilən diqqətə görə minnətdarlıq edib.
Şəhid İslam Eyvazovun döyüş yoldaşları, qazilər İslam Eyvazovun qəhrəmalıqları ilə dolu döyüş yolundan bəhs ediblər.

Sonra Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının tələbələri şəhidlik zirvəsindən bəhs edən kompozisya nümayiş etdiriblər.

Qeyd edək ki, Eyvazov İslam Həsən oğlu 2020-ci il sentyabr 27-də başlanan Vətən müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda qəhrəmancasına döyüşüb. O, Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində vuruşub. 9 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Geri qayıt