Birxeber.az / Latviyada 20 Yanvar faciəsi anılıb

Latviyada 20 Yanvar faciəsi anılıb

20-01-2024, 17:40

Latviyanın paytaxtı Riqa şəhərinin Barrikadalar muzeyində 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Latviyadakı Səfirliyindən "Birxeber.Az"a verilən məlumata görə, mərasimdə Latviya parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, akademik və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.

Əvvəlcə ölkə müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Barrikadalar muzeyinin direktoru Renars Zalais 20 Yanvar tarixinin hər iki xalq üçün əhəmiyyətini vurğulayıb və bu iki faciəvi tarixlərin Latviya və Azərbaycanda anıldığını bildirib. O, 1991-ci ilin yanvar ayında Riqada baş verən hadisələr və “barrikadalar hərəkəti” barədə danışıb.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 20 Yanvar tarixinin Azərbaycanın tarixinə həm faciəli, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. O xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, indiki Ermənistandan yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilib və Sovet rəhbərliyi bu qanunsuzluğa dəstək verib. Səfir 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbərliyinin göstərişi nəticəsində Sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qırğınlar barədə tədbir iştirakçılarına məlumat verib.

Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxış edərək faciə qurbanlarının xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib. O, hər iki ölkənin oxşar tarixi keçmişi olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəal olan insanların qorxmayaraq Sovet ordusunun qarşısına çıxdığını diqqəti çəkib.

Sonra 20 Yanvar faciəsinə dair videoçarx nümayiş olunub, fotosərgi təşkil edilib.

Geri qayıt