Birxeber.az / Türkiyə İranla qaz əməkdaşlığını genişləndirməyi planlaşdırır

Türkiyə İranla qaz əməkdaşlığını genişləndirməyi planlaşdırır

4-04-2024, 17:40

Türkiyə və İran qaz sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

“Birxeber.Az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Bu məsələ A.Bayraktarın Tehrana səfəri və İranın neft naziri Cavad Ouci ilə görüşü zamanı müzakirə olunub.

“İran Türkiyə üçün çox mühüm təbii qaz tədarükçüsüdür. Ümid edirəm ki, qarşıdakı dövrdə biz bu gün başlayan danışıqları tez bir zamanda yekunlaşdıracağıq və təbii qaz tədarükü razılaşmamızı daha da genişləndirmək üçün addımlar atacağıq”, - A.Bayraktar bildirib.

KİV-in məlumatına görə, türkiyəli nazirin səfərinin məqsədi iki ölkə arasındakı enerji və təbii ehtiyatlar sahəsində ikitərəfli əlaqələrin müzakirəsi olub.

Jurnalistlərlə söhbətində A.Bayraktar yanvar ayında Ankarada keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında enerji sektorunda imzalanmış razılaşmaların həyata keçirilməsi üçün İrana gəldiyini bildirib.

O xatırladıb ki, iki ölkə prezidentləri ortamüddətli perspektivdə qarşılıqlı ticarətin həcmini ildə 30 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar: "Xüsusən də təbii qaz sahəsində 30 ilə yaxındır əməkdaşlıq qurulub. Təbii qaz Türkiyə üçün son dərəcə vacibdir, çünki biz ondan sənayedə, məişətdə və elektrik enerjisi istehsalında geniş istifadə edirik”.

Nazir həmçinin qeyd edib ki, C.Ouci ilə görüşdə Türkiyənin özəl sektorunun İranda təbii qaz infrastrukturu layihələrinə investisiya yatırılması məsələsi müzakirə olunub: “Biz bu layihələrlə bağlı müzakirələri davam etdirəcəyik. Enerji sektoru iki ölkə arasında əməkdaşlığın ən mühüm sahələrindən biridir. Ona görə də biz bu işi davam etdirmək əzmimizi və iradəmizi bir daha nümayiş etdiririk”.

A.Bayraktar Tehrana səfəri zamanı İranın energetika naziri Əli Əkbər Mehrabian ilə də görüşüb və onunla iki ölkə arasında elektrik enerjisi ticarəti məsələlərini müzakirə edib.

Geri qayıt