Birxeber.az / Umayra Tağıyeva: COP29-da Xəzərdəki ekoloji dəyişiklik problemləri mühüm yer tutacaq

Umayra Tağıyeva: COP29-da Xəzərdəki ekoloji dəyişiklik problemləri mühüm yer tutacaq

4-04-2024, 10:50

"Azərbaycan xüsusi mühafizə olunan xüsusi milli parklarının yaradılması üçün tədbirlər görür".

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin beştərəfli görüşündə deyib.

O qeyd edib ki, Azərbaycan öz növbəsində Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görür:

“Bu tədbirlərdən biri də Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır. Xəzər sahili zonasında ümumi sahəsi 165 989 hektar olan 4 milli park - Abşeron, Qızılağac, Samur Yalama və Şirvan milli parkları var. Ölkəmiz ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan “Qırmızı Kitab”a daxil olan nadir fauna və flora növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirir. Brakonyerliklə mübarizə ilə yanaşı dəniz bioresurslarının bərpası və artırılmasına xüsusi diqqət yetirilir. Xəzər dənizinə və digər daxili su hövzələrinə son 3 ildə 20 milyondan çox balıq körpələri buraxılıb, bunlardan 1 milyon 771 mini nərə cinsli balıq körpələri olub".

Nazir müavini deyib ki, Xəzər dənizinin ətraf mühitinin ekoloji zərərlərinin müəyyənləşdirilməsi məqsədilə "Əlif Hacıyev" gəmisi ilə mütəmadi monitorinqlər həyata keçirilir:

“Bu il Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. COP29-un əsas komponentləri arasında Xəzər dənizindəki ekoloji dəyişiklik problemləri də mühüm yer tutacaq. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer tutacaq. Bu da öz növbəsində Xəzər probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada bilər”.

Fərid Azəri

Səlcuq Elçin

Geri qayıt