Birxeber.az / Azərbaycan Türkiyə ilə Avropaya təbii qaz təchizatının uzunmüddətli perspektivlərini müzakirə edib - YENİLƏNİB

Azərbaycan Türkiyə ilə Avropaya təbii qaz təchizatının uzunmüddətli perspektivlərini müzakirə edib - YENİLƏNİB

27-01-2024, 17:40

Azərbaycan Türkiyə ilə Trans-Anadolu Qaz Kəmərinin (TANAP) genişləndirilməsi, Azərbaycandan Türkiyə və Avropaya təbii qaz təchizatının mövcud vəziyyəti və uzunmüddətli perspektivlərini, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin inşası və bu il istismara verilməsindən irəli gələn məsələləri müzakirə edib.

Energetika Nazirliyindən “Birxeber.Az”a verilən məlumata görə, müzakirələr energetika naziri Pərviz Şahbazovun ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla keçirdiyi görüşdə baş tutub.

Görüşdə Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq-dostluq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən enerji əməkdaşlığının davamlı inkişafını təmin etməsindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə çoxşaxəli enerji tərəfdaşlığının müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində rolundan bəhs edilib.

Söhbət zamanı hazırda iki ölkənin enerji gündəliyinin prioritet istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafında Türkiyə ilə əməkdaşlığın önəmi vurğulanıb və bu xüsusda burada istehsal olunacaq elektrik enerjisinin Türkiyəyə ixracı, buradan Avropaya nəqli imkanlarının araşdırılması, bu məqsədlə infrastrukturun yaradılması kimi məsələlərin həlli ilə bağlı hər iki tərəfin iştirakı ilə yaradılmış İşçi qrupu çərçivəsində fəaliyyət nəzərdən keçirilib. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Görüşdə, həmçinin bu il Türkiyədə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin və intensiv əlaqələrin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi qeyd olunub.

15:45

Azərbaycan Türkiyə ilə Naxçıvan vasitəsilə “yaşıl enerji” körpüsünün yaradılmasını müzakirə edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

P. Şahbazov Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüb.

"Görüşdə təbii qaz təchizatı və "yaşıl enerji" sahələrində strateji enerji tərəfdaşlığımızı möhkəmləndirəcək prioriteləri müzakirə etdik. TANAP-ın genişləndirilməsi, Türkiyə və Avropaya qaz tədarükü, İğdır-Naxçıvan kəmərinin inşası, enerji sistemlərinin sinxronlaşdırılması üzrə fəaliyyətimizi nəzərdən keçirdik", - nazir qeyd edib.

Qardaş Türkiyənin energetika və təbii sərvətlər naziri @aBayraktar1 ilə #TəbiiQaz təchizatı və #YaşılEnerji sahələrində strateji enerji tərəfdaşlığımızı möhkəmləndirəcək prioriteləri müzakirə etdik. #TANAP-ın genişləndirilməsi, Türkiyə və Avropaya qaz tədarükü... pic.twitter.com/ihNyRSCsjX

— Parviz Shahbazov (@ParvizShahbazov) January 27, 2024
Geri qayıt