Birxeber.az / Tərtərdə keçmiş təmas xəttində mina partlayıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Tərtərdə keçmiş təmas xəttində mina partlayıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

2-04-2024, 17:50

Tərtərdə baş verən mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən ikisi Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bu barədə Birxeber.Az-nın Qarabağ bürosuna Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, onlardan 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları qoyulub.

Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hər birinə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Xəsarət alan Polad İsmayılov isə Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxananın cərrahı Mübariz Mahmudov Birxeber.Az-nın Qarabağ bürosuna açıqlamasında bildirib ki, Polad İsmayılov üzün, sağ döş qəfəsinin, sağ yuxarı ətrafın çoxsaylı qəlpə yarası diaqnozu ilə müalicəyə cəlb olunub.

***

16.34

Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", birgə məlumatda deyilir.

Geri qayıt