Birxeber.az / Hasan Öztürk: Xalq bu seçimi ilə Türkiyədə siyasi balans yaratdı

Hasan Öztürk: Xalq bu seçimi ilə Türkiyədə siyasi balans yaratdı

2-04-2024, 16:40

Cümhuriyyət Xalq Partiyasının (CHP) qalib gəldiyi bələdiyyələrin nə qədər uğurlu fəaliyyət göstərəcəyi qarşıdakı dönəmdə məlum olacaq.

Bunu “Report”a açıqlamasında Türkiyədə yayımlanan “Ülke” TV-nin baş redaktoru, siyasi şərhçi Hasan Öztürk deyib.

O qeyd edib ki, yenidən İstanbul və Ankara bələdiyyələrinin sədri seçilən Əkrəm İmamoğlu və Mansur Yavaşın 2028-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olub-olmayacaqlarına onların qarşıdakı 4 il ərzində ortaya qoyacaqları fəaliyyət aydınlıq gətirəcək.

Siyasi icmalçının fikrincə, son bələdiyyə seçkiləri Türkiyənin mövcud iqtidarına göstərilən “sarı kart” xarakteri daşıyır.

O, bələdiyyə seçkilərinin nəticəsini xüsusilə iqtisadi vəziyyətlə əlaqələndirib: “Cəmi 10 ay əvvəl keçirilən prezident seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğana və Cümhur İttifaqına güclü dəstək verən xalq iqtisadi sıxıntıların həlli ilə bağlı tələblərini uzun müddətdir, dilə gətirir. Bu, bələdiyyə seçkilərinin nəticəsinə təsir edən başlıca məqamdır. İkincisi isə xalq bununla Cümhur İttifaqı ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında balans yaratdı”.

Siyasi şərhçinin fikrincə, ümumilikdə, xalq 31 mart seçkilərində göstərdiyi bu mövqe ilə özünün hakimiyyətin gerçək mənbəyi və həlledici faktor olduğuna dair önəmli mesaj verdi.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Səslərin əksəriyyəti hesablanıb. CHP 37,77 faiz səslə seçkidə qalib gəlib. Hakim Ədalət və İnkişaf Partiyası 35,48 faiz səslə ikinci yeri tutub. Türkiyə Mərkəzi Seçki Komissiyası hələlik son rəsmi rəqəmləri açıqlamayıb.

Geri qayıt