Birxeber.az / İqtisadi inkişafın açarı Orta Dəhliz - Azərbaycan gələcəyə sərmayə qoyur - ARAŞDIRMA

İqtisadi inkişafın açarı Orta Dəhliz - Azərbaycan gələcəyə sərmayə qoyur - ARAŞDIRMA

27-01-2024, 12:40

Uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihələrdən biridir.

İqtisadi baxımdan səmərəli, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçası kimi Orta Dəhliz, həmçinin tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu dəhlizin inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır. Belə ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradılması bu yöndə görülən ən mühüm işlərdəndir. Eyni zamanda başqa addımlar da atılır ki, bu da Orta Dəhlizin cəlbediciliyinə müsbət təsirini göstərir, yükdaşımaları artırır.

“Birxeber.Az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin məlumatlarına əsasən Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan tərəfindən atılan addımlara nəzər yetirib.

Orta Dəhlizdə yükdaşımaların artımı Azərbaycanın uzunmüddətli strategiyasının nəticəsidir

Azərbaycanda bu gün dəniz, dəmir yolu, avtomobil, hava nəqliyyatı sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, eləcə də Şərqlə Qərb arasında ənənəvi ticarət yolları və alternativ yollar üzərində baş verən geosiyasi proseslər, siyasi və iqtisadi sarsıntılar Orta Dəhlizə ümumi marağı artırıb ki, bu da təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman ölkənin nəqliyyat və logistika dəhlizinə çevrilməsi istiqamətində addımlar atıb və hazırkı vəziyyət uzunmüddətli strategiyanın nəticəsidir.

Belə ki, son 20 ildə Azərbaycanda 19 min km avtomobil yolu, 1400 km dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda 2017-ci ildə istifadəyə verilmiş və Orta Dəhliz vasitəsilə daşımalarda böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması üçün əlavə infrastruktur işləri aparılır. Bundan əlavə əsas dəmir yolu və avtomobil yolları şəbəkələrinin kəsişməsində yerləşən Bakı Limanının ötürmə qabiliyyətini artıracaq növbəti fazasının tikintisi planlaşdırılır.

Azərbaycanın beynəlxalq ticarət bazarında rolunun gücləndirilməsi məqsədilə, həmçinin Ələt qəsəbəsində azad iqtisadi zona yaradılıb. “Ələt” AİZ-in yaradılmasında əsas məqsəd yüksək gəlirli istehsal, ixrac fəaliyyəti və innovativ texnologiyalarla investorların cəlb edilməsi, iqtisadiyyatın dayanıqlı inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verməkdir.

Geosiyasi vəziyyətin yaratdığı reallıqlar Azərbaycan üçün yeni imkanlar üzə çıxardı

Pandemiyanın yaratdığı qlobal tədarük zəncirlərində böyük fasilələr və bununla bağlı regionda geosiyasi problemlər təchizat üçün yeni reallıqlar yaradıb. Azərbaycanın qlobal nəqliyyat logistikasında mühüm tərəfdaş kimi potensialını reallaşdırmaq məqsədilə perspektivli imkanları meydana çıxarıb. Nəqliyyat sahəsində aparılan islahatlar nəticəsində 2023-cü ildə ölkə ərazisindən keçən yüklərin həcmi 2019-cu illə müqayisədə 162 % artaraq 5,1 milyon tondan 13,4 milyon tona yüksəlib.

İslahatlar sırasında ölkədə dəmir yolu xətlərinin tikintisi, təmiri, elektrikləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də avtomobil yollarının genişləndirilməsi və yenidən qurulmasını qeyd etmək olar.

2023-cü ildə dəmir yolu tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 76 % artaraq 3,8 milyon tondan 6,7 milyon tona çatıb.

Avtomobil nəqliyyatı ilə tranzit yüklərin həcmində də nəzərəçarpacaq artım müşahidə edilib. Belə ki, 2023-cü ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalarının həcmi 2019-cu illə müqayisədə 391 % artaraq 1,3 milyon tondan 6,5 milyon tona yüksəlib.

Bu artımı şərtləndirən amillər və islahatlar sırasında əsas məqamlardan biri də ölkə ərazisindən tranzit keçən təhlükəli yüklərə görə yol vergisinin ləğvidir. Paralel olaraq yük avtomobillərinin çəkisi üzrə minimum vergi güzəşti həddi 38 tondan 41 tona çatdırılıb ki, bu da yükdaşımanın inkişafına təkan verib. Avtomobil nəqliyyatı üçün dövlətlərarası kvotaların və icazələrin liberallaşdırılması bu sahənin inkişafına müsbət təsir göstərib.

Bundan əlavə, bu artımın tərkib hissəsi beynəlxalq daşımalarda iştirak edən avtonəqliyyat vasitələrinin sayının artmasıdır - 2023-cü ildə onların sayı 2021-ci illə müqayisədə 3,7 dəfə artaraq 12,7 min ədədə çatıb. Avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülərinə və çəkisinə dair tələblərin pozulması hallarının qarşısının alınması üçün elektron tərəzilər fəal şəkildə tətbiq edilir. Bu tədbirlərlə paralel olaraq sərhəd-keçid məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi və operativliyi istiqamətində sistemli işlər görülür, eləcə də nəqliyyatın daha rahat və operativ hərəkətinə töhfə verən yeni keçid məntəqələrinin açılışı fəal şəkildə həyata keçirilir.

Azərbaycan Orta Dəhlizdə artan yük həcmlərini qəbul edə bilməsi üçün hansı addımlar atıb?

Qeyd edilməli məsələlərdən biri də Orta Dəhlizin artan yük həcmlərinə tam hazır olması ilə bağlıdır. Bu istiqamətdə müəyyən çətinliklər aşkarlanıb və çevik reaksiya göstərilərək müəyyən nəticələrə nail olunub. Çətinliklərin aradan qaldırılması və nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlərdən biri Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü ilə Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC kimi tranzit operatorlar arasında “Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarə olunmasının prosedur qaydaları” ilə bağlı müəyyənedici sənədin imzalanmasıdır ki, bununla da limanda gəmilərin iş vaxtının 60 % azaldılmasına nail olunub. Belə təşəbbüslər Azərbaycanda əməliyyat səmərəliliyinin artırılmasına və tranzit dövriyyəsinin sürətləndirilməsinə xidmət edir.

2023-cü ildən etibarən Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmində müəyyən azalma müşahidə olunub və bu baxımdan dəmir yolu nəqliyyatı ilə tranzit yüklərin həcminin azalmasının obyektiv səbəbləri var. Belə ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə ADY vasitəsilə daşınan tranzit yüklərin həcmində kəskin artım müşahidə edilib. Lakin 2023-cü ildə şimal marşrutu üzrə məhdudiyyətlərə baxmayaraq bəzi daşıyıcılar ənənəvi marşrutlara qayıtmağa başlayıblar.

Bundan başqa, Özbəkistandan Çinin kimya sənayesi məhsulları (kükürd, fosfor-natrium və azot gübrələri), neft və neft məhsulları (benzin və dizel yanacağı), kimya sənayesi məhsullarının (azot gübrələri) daşınmasında da azalma qeydə alınıb. Qeyd etmək lazımdır ki, 2023-cü ildən etibarən Türkmənistan, Özbəkistan və Qazaxıstanda satılan “karbamid” məhsulunun dünya bazarındakı qiymətlərində azalma baş verib. Bu azalma ilə əlaqədar istehsalçılar göstərilən ölkələrdə bu məhsulun satışını dayandırmaq qərarına gəliblər. Bütün bunlar nəzərə alınaraq bu istiqamətdə də addımların atılmasına başlanıb.

Azərbaycan nəqliyyat infrastrukturunu genişləndirilməsi ilə bağlı işləri davam etdirir

Orta Dəhlizin inkişafı həm də güclü nəqliyyat infrastrukturu ilə bağlıdır. Ölkəmiz də bu istiqamətdə mühüm işlər görüb və görməkdədir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihə hissəsində müvafiq işlər aparılır. Tikinti işləri başa çatdıqdan sonra dəmir yolu xəttinin ötürücülük qabiliyyəti artacaq.

Həmçinin Orta Dəhlizin tərkib hissəsi olacaq və Azərbaycanı Türkiyə ilə birləşdirəcək Qars-Naxçıvan dəmir yolu xəttinin tikintisi üzrə işlər aparılır. Qeyd edək ki, nəzərdə tutulan dəmir yolu xəttinin uzunluğu 224 kilometr təşkil edəcək. Türkiyə tərəfi bu dəmir yolu xəttini 5 il ərzində istifadəyə verməyi planlaşdırır.

Qarabağ bölgəsində işğaldan azad edilmiş ərazilərdə Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolunda tikintisi üzrə işlər davam etdirilir - layihənin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Bu dəmir yolu xətti Qars-Naxçıvan (Osmanlı-Horadiz-Ağbənd-Naxçıvan-Qars) dəmir yolu ilə birləşdirilərək Azərbaycanın tranzit qovşağı statusunun formalaşmasında mühüm rol oynayacaq.

Bundan əlavə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində Zəngilan rayonunun Ağbənd kəndi yaxınlığında avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun tikintisinə başlanılıb.

Qeyd edək ki, 2023-cü il martın 17-də Azərbaycan-Rusiya sərhədində yenidən qurulan “Xanoba” buraxılış məntəqəsinin açılış mərasimi olub. Qeyd edək ki, Xanoba keçid məntəqəsindən hər istiqamət üzrə 550-dən çox yük maşını, 1000-dən çox minik avtomobili, 30-dan çox avtobus və 5000-dək fiziki şəxs keçəcək.

Bundan əlavə Orta Dəhlizə malların cəlb edilməsi və sabit dövriyyənin təmin edilməsi üçün də mühüm işlər görülüb ki, bunlara dövlət başçısının 23 noyabr 2023-cü il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” daxildir. Fəaliyyət Planı beynəlxalq yük daşımaları sahəsində bir sıra mühüm islahatları özündə ehtiva edir. Dəhlizin infrastrukturunun təkmilləşdirilməsi, tranzit sərhəd-keçid prosedurlarının optimallaşdırılması, özəl şirkətlər və prosesdə iştirak edən dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsi, prosedurların vahid rəqəmsal platformada tətbiqi, eləcə də normativ-hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq qaydalara uyğunlaşdırılması – bütün bunlar ölkənin Avrasiyada qitələrarası ticarət əlaqələrində mühüm nəqliyyat əlaqəsini təşkil edən strateji tərəfdaşa çevrilməsinə böyük töhfə verəcək.

Diqqətə çatdırılmalı məsələlərdən biri də nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması ilə bağlı addımların atılmasıdır. Bu istiqamətdə nəqliyyat və logistika sahəsində fəaliyyətin şəffaflığını və sadələşdirilməsini təşviq etməklə proqnozlaşdırmanın, o cümlədən “ağıllı” yüklərin idarə edilməsinin səmərəliliyini, operativliyini və keyfiyyətini artıracaq Rəqəmsal Nəqliyyat Logistika İnformasiya Sistemi hazırlanır. Bu sistem gələcəkdə hazırda bərpa və islahat prosesindən keçən Gömrük Xidmətinin “bir pəncərə” proqramının daxil edilməsini nəzərdə tutur.

Dövlət Gömrük Komitəsi proseslərin səmərəliliyinin və müasirliyinin artırılmasına yönəlmiş gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması təşəbbüslərini fəal şəkildə həyata keçirir.

Son olaraq qeyd edək ki, Azərbaycan qlobal nəqliyyat infrastrukturunun ayrılmaz elementi kimi çıxış edir və onun qlobal iqtisadiyyata təsirinin nə qədər vacib olduğunu dərk edir. Ölkə öz nəqliyyat imkanlarını fəal şəkildə inkişaf etdirir, regionun əsas nəqliyyat mərkəzinə çevrilməyə çalışır ki, bu da nəticədə milli iqtisadiyyatın yüksəldilməsinə və beynəlxalq ticarətdə çəkisinin artmasına xidmət edəcək. Bu sürətli tərəqqi təkcə strateji coğrafi mövqe ilə deyil, həm də Azərbaycanın həyata keçirdiyi mühüm nəqliyyat layihələri ilə diqqət çəkir.

Geri qayıt