Birxeber.az / "Aqrar Sığorta"nın mənfəəti 3 dəfə, investisiya gəlirləri 12 mln. manat azalıb - Təhlil

"Aqrar Sığorta"nın mənfəəti 3 dəfə, investisiya gəlirləri 12 mln. manat azalıb - Təhlil

1-04-2024, 12:50

Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC 2023-cü ili 57,2 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 3 dəfə azdır.

"Birxeber.Az-Economics" bu barədə müştərək sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir. Qeyd edək ki, "Aqrar Sığorta" 2022-ci ili 170,15 min manat xalis mənfəətlə bitirmişdi.

Hesabat dövründə, “Aqrar Sığorta”nın əsas əməliyyat gəlirləri 0,05% artaraq 17,34 min manata bərabər olub. Bu dövrdə, “Aqrar Sığorta” sair gəlirləri isə 79,3 min manatdan 2,26 milyon manata qədər yüksəlib.

Sığorta şirkətinin investisiya yanaşması isə 2022-ci illə müqayisədə o qədər də uğurlu olmayıb. Belə ki, müştərək sığorta şirkətinin investisiya gəlirləri 11,8 milyon manat azalaraq 83,55 milyon manata enib. Halbuki, 2022-ci ildə “Aqrar Sığorta”nın investisiya gəlirləri 95,34 milyon manata çatmışdı. Bundan əlavə, sığorta şirkətinin xalis sığorta ehtiyatlarını 8,3 milyon manat artırması onun cəmi gəlirlərinə mənfi təsir edib. Nəticədə şirkətin cəmi gəlirləri 35% və ya 6,1 milyon manat azalaraq 11,38 milyon manata enib.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 45,3% azalaraq 8,84 milyon manata, sığorta ödənişləri 84% artaraq 4,4 milyon manata, işlərin aparılması xərcləri isə 2,2 dəfə artaraq 2,46 milyon manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 35% azalaraq 11,3 milyon manat təşkil edib.

2023-cü ildə “Aqrar Sığorta”nın maliyyə mənfəəti illik müqayisədə 66% azalaraq 74,2 min manata enib.

Bununla belə, sığorta şirkəti ötən il böyüyüb. Belə ki, 1 yanvar 2024-cü il tarixinə “Aqrar Sığorta”nın cəmi aktivləri 18% artaraq 14,4 milyon manata, cəmi öhdəlikləri isə 23,6% artaraq 11,98 milyon manata yüksəlib. Sığorta şirkətinin cəmi kapitalı isə 5% azalaraq 2,38 milyon manata enib.

Geri qayıt