Birxeber.az / Sahil Babayev: "Azərbaycan-Rumıniya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

Sahil Babayev: "Azərbaycan-Rumıniya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"

1-04-2024, 11:40

Bu gün Bakıda Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

"Birxeber.Az"un məlumatına görə, bununla bağlı komissiyanın Rumıniya tərəfindən həmsədri, bu ölkənin energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə S.İ.Burdujanın təkbətək görüşündə ötən dövrdə ikitərəfli əməkdaşlığın inkişafı sahəsində görülmüş işlərə və komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından ötən dövr ərzində iki ölkənin əlaqələrinin daim genişlənməkdə olduğunu bildirib.

2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələr arasında əlaqələrin inkişafına imkan yaratdığı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin yüksələn xətlə davam etdiyi və ötən ildə 29,3 % artdığı qeyd edilib.

S.İ.Burduja ölkəsinin Azərbaycanla dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməsinə xüsusi önəm verdiklərini, hazırkı iclasın da bu istiqamətdə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

İclasda enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.

Geri qayıt