Birxeber.az / Sabahdan temperatur düşəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sabahdan temperatur düşəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

20-01-2024, 15:50

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Birxeber.Az-ya bildirib ki, yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

“Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”, - o deyib.

G.Məmmədovanın sözlərinə görə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var: “Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.

Geri qayıt