Birxeber.az / Haaqa şəhərində 20 Yanvar şəhidləri yad edilib

Haaqa şəhərində 20 Yanvar şəhidləri yad edilib

20-01-2024, 15:40

Niderlandın Haaqa şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Qonaqlar arasında Niderland Yozqatlılar Federasiyasının rəhbəri Tahsiz Öz, Erzurumlular Dərnəyinin rəhbərinin müavini Metin Aykut, Türk Evinin rəhbəri Ramazan Ödek, “Yozqat 66” Dərnəyinin rəhbəri Soydaş Erdinç, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədr müavini Nemətağa Əliyev və başqaları olub.

İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ondört Masumlar Məscidinin imamı Şeyx Mehmet Olqun şəhidlərin əziz ruhlarına dualar oxuyub.

Tədbir iştirakçılarını salamlayan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın 20 Yanvar faciəsinə gətirib çıxaran siyasi proseslərdən, 34 il öncə sovet rəhbərliyi və ordusu tərəfindən törədilmiş qanlı hadisənin Azərbaycanın müstəqilliyi yolunda dönüş nöqtəsinə çevrilməsindən danışıb.

Sonra tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I katibi Səbinə Sadıqlı və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin Azərbaycan üzrə rəhbəri Şamil Mustafayev çıxış edərək, silahsız, dinc xalqımızın qorxmaz, mərdanə davranışına görə 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, gənclərimiz tərəfindən bu qanlı hadisənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Dünya birliyinin 20 Yanvar kimi dəhşətli hərbi cinayətə cinayətkarcasına susduğu, faciənin törədilməsindən bir neçə ay sonra mülki vətəndaşların qətlinə əmr verən Mixail Qorbaçova Nobel Sülh Mükafatı verildiyi diqqətə çatdırılıb.

Tədbir 20 Yanvar faciəsinin tarixindən bəhs edən videonun nümayişi ilə davam etdirilib.

Geri qayıt