Birxeber.az / Balakəndə kənd yolu dağılıb, sakinlər şikayətçidir

Balakəndə kənd yolu dağılıb, sakinlər şikayətçidir

27-03-2024, 13:40

Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.

Bu barədə "Birxeber.Az"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralından Qazbinə kəndinə qədər olan 3 kilometrlik yol tamamilə dağılıb.

"Kənddə 1500 nəfərə yaxın sakin yaşayır. Sakinlər bu vaxta qədər bir dəfə də olsun yola asfalt örtüyünün çəkilmədiyini bildiriblər. Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradır. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər. Qış aylarında isə kəndə gəliş-gediş mümkünsüz olur", - deyə sakinlər qeyd ediblər.

Qazbinə, Şambulbinə, Qaracabinə və Salban kəndlərinin daxil olduğu Mahamalar kənd bələdiyyəsinin sədri Kamal Beknalov "Birxeber.Az"un yerli bürosuna bildirib ki, kəndin ümumi daxili yollarının uzunluğu 8 kilometrdir: "Hər il kəndin 3 kilometrlik mərkəzi yoluna və daxili yollarına daş-çınqıl tökülür və texnika vasitəsi ilə hamarlanır. Lakin yağan yağışlar nəticəsində çınqıl qatı yuyulur. Bununla belə, bu il Qazbinə kəndi yolunun asfaltlanması layihəsinin icrası nəzərdə tutulub".

Geri qayıt