Birxeber.az / Atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilib

26-01-2024, 16:40

Atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“Birxeber.Az”un məlumatına görə, Respublika Olimpiya Mərkəzində gerçəkləşən tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirakçıları salamlayıb.

O, bölgə təmsilçilərinin də yarışda mübarizə aparacaqlarını vurğulayıb: “İdmançıların çıxışları bizim üçün önəmlidir. Onlar göstərdikləri nəticələrə uyğun reytinq xalları da əldə edəcəklər. Atletika ilə uzun illər yaxşı məşğul olmamışıq. Turnirlərin ölkənin bütün regionlarını əhatə etməsini istərdik. Təəssüf ki, hələlik buna nail ola bilmirik. Ancaq bu istiqamətdə işlər görürük. İnanırıq ki, yaxın gələcəkdə sıralarımızı genişləndirəcəyik. Respublikamızın bütün bölgələrindən idmançılar cəlb ediləcək. Hamınıza uğurlar arzulayıram. Güclü qalib gəlsin”.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra çempionat start götürüb. 140 atletin mübarizə apardığı yarış yanvarın 27-də başa çatacaq. Turnirdə Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən atletlər çıxış edirlər.

40-cı ölkə çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.

Geri qayıt