Birxeber.az / Müdafiə Nazirliyinin rəhbərliyi müalicə olunan hərbi qulluqçuları ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi müalicə olunan hərbi qulluqçuları ziyarət edib

20-03-2024, 14:40

Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin rəhbər heyəti hospitalda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanaraq bayram hədiyyələri təqdim edib, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Nazir general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Müdafiə nazirinə məruzə olunub ki, hospitalda hərbçilərimizin müayinə və müalicəsi üçün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.

Tibb işçiləri ilə görüşən nazir onları da bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Hərbi hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Geri qayıt