Birxeber.az / AMB: Sığorta bazarının ÜDM-nin 2,15%-nə çatdırılması hədəflənib

AMB: Sığorta bazarının ÜDM-nin 2,15%-nə çatdırılması hədəflənib

26-01-2024, 11:50

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması hədəflənib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ilə bağlı şərhində qeyd edib. O bildirib ki, strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub.

Sığorta sektoru üzrə əsas strateji hədəflər, sığorta təminatını genişləndirmək və istehlakçı hüquqlarını effektiv müdafiə etməklə, sığortaya olan inam indeksinin 66%-dən 80%-ə yüksəldilməsini və sığortaçıların ödәmә qabiliyyәtinin artırılması ilə yanaşı, adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılmasını əhatə edir. Bu kompleks yanaşma riskləri effektiv idarə etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.

Sözügedən strategiyaya əsasən 2024-2026-cı illərdə Azərnbaycan sığorta bazarının ÜDM-in 2,15%-nə çatdırılması hədəflənib. Hazırda bu rəqəm 1,85% təşkil edir. Bu hədəfə nail olmaq üçün həyat sığorta (yığım sığortası istisna olmaqla) yığımların cari 124 mln. manatdan 280 milyon manata çatdırılması, bundan əlavə könüllü sığorta üzrə yığımların (həyat sığortası istisna olmaqla) cari 350 mln manatdan 630 mln. manata çatdırılması nəzərdə tutulub. Həmçinin, sığorta aktivləri cari 1 mlrd. 912 mln manatdan 3,7 mlrd. manata çatdırılmalıdır.

Geri qayıt