Birxeber.az / Sığortada qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə qaydaları təsdiqlənib

Sığortada qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə qaydaları təsdiqlənib

26-01-2024, 10:50

Sığortada qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə qaydaları təsdiqlənib.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı qərar imzalayıb.

Qaydaya əsasən qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər maarifləndirici tədbirlərin, o cümlədən təhsil müəssisələrində yol hərəkəti qaydaları, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrində sığorta hadisəsi hesab edilə bilən halların baş verməsinin fəsadları barədə maarifləndirmə işlərinin aparılması, zərərçəkmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi istiqamətində maarifləndirici materialların hazırlanması və yayımlanmasının təşkil edilməsi, sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısının alınması üçün təbliğat və təşviqat işlərinin aparılması sərf edilə bilər.

Bundan əlavə, bu vəsaitlər sığorta hadisələrinin baş vermə intensivliyinin yüksək olduğu ərazilərdə hadisənin baş vermə ehtimalının azaldılması ilə bağlı təkliflər verilməsi və dəstək göstərilməsi, təbii və ekoloji xarakterli fövqəladə halların, o cümlədən daşqın və sellərin baş verməsi nəticəsində fəsadların qarşısının alınması və azaldılması ilə bağlı təkliflər verilməsi və ya dəstək göstərilməsi, yanğın siqnalizasiyası sistemlərinin quraşdırılması ilə bağlı təkliflər verilməsi və və ya dəstək göstərilməsi, təmizləyici qurğular, müəssisələrdə zərərli tullantı süzgəcləri, digər təbiəti mühafizə obyektləri avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və ya dəstək göstərilməsinə də sərf edilə bilər.

Qeyd edilib ki, sığortaçı tərəfindən qarşısıalınma tədbirləri fonduna yığılan vəsaitlər və onların istifadə təyinatları haqqında Mərkəzi Banka aylıq hesabatlar təqdim edilməlidir.

Geri qayıt