Birxeber.az / AYİB Azərbaycan üzrə investisiya portfelini açıqlayıb

AYİB Azərbaycan üzrə investisiya portfelini açıqlayıb

26-01-2024, 09:50

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 911 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3,9% və ya 37 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (820 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (27 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 3,8% azalaraq 714 mln. avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,672 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,5 %-i (3,066 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

Geri qayıt