Birxeber.az / Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO

20-01-2024, 12:50

Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, Şəhidlər xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Niyazi Bayramov və anım tədbirində iştirak edənlər “Əbədi məşəl” abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər.

Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Daha sonra 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edək ki, bütün respublika ərazisində olduğu kimi, saat 12:00-da Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə siqnalları verilib.

Geri qayıt