Birxeber.az / Cabbar Cabbarlı: "SOCAR-ın layihəsi hesabına 350-400 min kubmetr suya qənaət oluna bilər"

Cabbar Cabbarlı: "SOCAR-ın layihəsi hesabına 350-400 min kubmetr suya qənaət oluna bilər"

14-03-2024, 14:40

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) texniki su xəttinin neft emalı zavodunun ərazisinə gətirilməsi üçün layihə üzərində çalışır.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC-nin Elektron idarəertmə və müasir texnologiyalar departamentinin rəisi Cabbar Cabbarlı Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

"Hazırda NEZ ən böyük su istehlakçılarından biridir və ay ərzində 350-400 min kubmetr su alırlar. SOCAR-ın layihəsi reallaşdığı təqdirdə 350-400 min kubmetr sudan qənaət etmiş olarıq", - C. Cabbarlı deyib.

O bildirib ki, sənaye müəssisələrində sudan soyutma məqsədi ilə istifadə edilir: "Bunun üçün Abşeron yarımadasında texniki sudan istifadə halları mövcud deyil. Texniki sudan istifadə halları olsa, içməli suya qənaət daha çox ola bilər".

“Azərsu”nun rəsmisi qeyd edib ki, Azərbaycanda qeyri-əhali suvarmalarında 8 %, restoran, şadlıq evlərində 4 %, təhsil müəssisələrində 3 %, xəstəxanalarda 2 % sudan istifadə olunur.

Onun sözlərinə görə, hazırda "Azərsu" ASC 1 milyon 820 min abonentə xidmət göstərir, onlardan 96 %-i əhali, 4 %-i qeyri-əhali sektorunu əhatə edir.

"Ümumi satılan suyun həcminin 78 %-i əhali, 22 %-i qeyri-əhali sektorunun payına düşür. 22 %-in 14 %-i isə sənaye məqsədi ilə istifadə edilir", - C. Cabbarlı deyib.

O bildirib ki, bu gün 300-ə yaxın sudan xammal istifadəçisi mövcuddur.

Geri qayıt