Birxeber.az / Ermənistanın ilk sərhəd komandanı: Rusiya sərhədçilərinin "Zvartnots"dan çıxarılması siyasiləşdirilib

Ermənistanın ilk sərhəd komandanı: Rusiya sərhədçilərinin "Zvartnots"dan çıxarılması siyasiləşdirilib

14-03-2024, 13:40

Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılması siyasiləşdirilib.

“Birxeber.Az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan sərhəd qoşunlarının ilk komandanı general-mayor Levon Stepanyan martın 14-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələdən Ermənistan ictimaiyyətini Rusiyaya qarşı qaldırmaq üçün istifadə etməyə cəhd göstərirlər.

Keçmiş komandan bildirib ki, hazırda “Zvartnots”da Rusiyanın 3-4 sərhədçisi xidmət edir: “Onlar da Ermənistan qanunvericiliyinə tabedir. Rəhbərləri də yerlidir”. L.Stepanyan qeyd edib ki, həmin sərhədçilərin Ermənistan qanunlarına qarşı fəaliyyət göstərməsi mümkün deyil. O, əminliklə vurğulayıb ki, bu hadisə 10-15 il əvvəl baş versə idi, bu dərəcədə rezonans doğurmazdı: “Rusiya sərhədçiləri vaxtı ilə Gümrü hava limanından səssiz-küysüz çıxdı”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da martın 12-də keçirdiyi mətbuat konfransında məsələni siyasi deyil, işgüzar qaydada həll ediləcəyini bildirmişdi. O, avqustun 1-də “Zvartnots” hava limanında ancaq erməni sərhədçilərin xidmət edəcəyinə inandığını qeyd etmişdi.

Xatırladaq ki, Levon Stepanyan 1950-ci ildə Naxçıvanda anadan olub. Qarabağda Azərbaycan torpaqlarının işğalında iştirak edib. Təhlükəsizlik, hərbi, sərhəd orqanlarında fəaliyyət göstərib.

Geri qayıt