Birxeber.az / DOST Agentliyinin nümayəndə heyəti BSTA-nın qlobal forumunda iştirak edib

DOST Agentliyinin nümayəndə heyəti BSTA-nın qlobal forumunda iştirak edib

11-03-2024, 18:40

DOST Agentliyinin nümayəndə heyəti İndoneziya Respublikasında keçirilən Sosial Xidmətdə İnformasiya və Kommunikasiya Texnologiyası (İKT) üzrə 17-ci Beynəlxalq Konfransda iştirak edib.

"Report" xəbər verir ki, tədbirdə müxtəlif ölkələri təmsil edən 400-dən çox nümayəndə iştirak edib. Nümayəndə heyətlərinə dövlət və özəl sektoru təmsil edən icraçı direktorlar və İKT meneceri daxil olub. Sosial təminat üzrə nüfuzlu ekspertlərin də iştirak etdiyi konfrans davamlı və inklüziv sosial təminat üçün dataya əsaslanan transformasiya, İKT texnologiyalarının idarə edilməsi, süni intellekt, kibertəhlükəsizlik kimi mövzulara həsr olunub.

Tədbirdə BSTA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Texniki Komissiyasının sədr müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru (DOST RİM) Kənan Əkpərov, 5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev və Agentliyin beynəlxalq əlaqələr, proqramlar və layihələr departamentinin müdiri Emin Məmmədov da iştirak edib.

Konfrans çərçivəsində təşkil olunan “İnnovasiya zonası” adlı sərgidə ƏƏSMN-in rəqəmsal fəaliyyət istiqamətləri, e-sosial.az portalının funksional imkanları, Əmək və Məşğulluq altsistemi, həmçinin DOST mərkəzlərinin fəaliyyəti və göstərilən xidmətlər barədə təqdimat nümayiş olunub.

Səfər çərçivəsində İndoneziyanın icbari tibbi sığorta üzrə ixtisaslaşmış qurumu olan “BPJS Kesehatan”ın nümayəndələri ilə ikitərəfli görüşlərdə ölkəmizdə sosial müdafiə, əmək və məşğulluq istiqamətində həyata keçirilən rəqəmsallaşma prosesi barədə məlumat verilib.

Konfransın gedişində 5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev "Rəqəmsal xidmətlərdə dəyişiklər" adlı sessiyada iştirak edib. DOST konsepsiyası barədə çıxış edən R.Mirzəliyev iştirakçıları maraqlandıran sualları cavablandırıb.

DOST RİM direktoru Kənan Əkpərov “Sosial təminatda İKT-nin gələcəyi” adlı dəyirmi masada da çıxış edib. Tədbirin son plenar müzakirələrində BSTA-nın İKT üzrə komissiyasında olan nümayəndələrlə sosial müdafiə sahəsində İKT ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən BSTA ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır.

Geri qayıt