Birxeber.az / “Sabah”ın sabiq qapıçısı: “Azərbaycanda oynamaq Belarusdakından daha maraqlıdır”

“Sabah”ın sabiq qapıçısı: “Azərbaycanda oynamaq Belarusdakından daha maraqlıdır”

25-01-2024, 13:40

“Azərbaycanda oynamaq Belarusdakından daha maraqlıdır”.

“Report” xəbər verir ki, bunu “Sabah”ın sabiq futbolçusu Aleksandr Neçayev yeni transfer olunduğu Belarusun “Qomel” klubunun rəsmi saytına müsahibəsində deyib.

İki ölkənin futbolunu müqayisə edən 29 yaşlı belaruslu qapıçı Azərbaycan Premyer Liqasında diqqətini çəkən məqamları vurğulayıb: “Azərbaycana kifayət qədər legioner axını var. Fərqli maliyyələşmə var və ora keyfiyyətli əcnəbilər gedirlər. Vaxtilə “Barselona”da oynamış bir oyunçu (Xuan Kamara) “Sabah”ın heyətində yer alırdı. Belə komandalarda gənclər daha sürətlə inkişaf edir, irəliləyirlər. Ancaq Azərbaycanda klub sayı azdır. Yenə də hər komandanın öz stadionu, bazası, məşq meydanı, büdcəsi var”.

O, “Sabah”a transfer olunduğu dövrü də xatırlayıb: “Sabah”a keçidim gözlənilmədən baş vermişdi. Tanıdığım menecer zəng vuraraq konkret təkliflə çıxış etdi. İlk dəfə belə durumla qarşılaşdım: müqavilə hazır idi. Mənə yalnız əvvəlki sözləşməni pozmaq və təlim-məşq toplanışına qatılmaq qalırdı. Komandaya “Krasnodar”ı avrokuboklara çıxaran Murad Musayev rəhbərlik edirdi. Mən də ora getmək istəyirdim”.

Neçayev “Sabah”da əsas heyətə düşə bilməməsini limitlə əlaqələndirib: “Azərbaycanda əcnəbilər və gənc oyunçular ilə bağlı limit var idi. Mövsümün əvvəlində baş məşqçi ilə danışdıq, o izah etdi ki, klubun hədəfləri var və gənc futbolçu limitində qapıçı olmalıdır. Mövsümün ikinci yarısında nəyin alınmadığını bilmirəm. Əlimdən gələni etdim. Onu bilirəm ki, oradakılardan daha yaxşı görünürdüm. Buna baxmayaraq, “Sabah”a keçdiyim üçün hələ də şadam. Çünki indi də əlaqə saxladığımız dostlar qazandım”.

Qeyd edək ki, Aleksandr Neçayev 2022-ci ilin yanvarından dekabrına qədər “Sabah”ın formasını geyinib.

Geri qayıt