Birxeber.az / Dini Komitənin sədr müavini: Dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib

Dini Komitənin sədr müavini: Dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib

9-03-2024, 11:40

Hazırda dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib.

"Birxeber.Az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

O hesab edir ki, Avropanın bəzi ölkələrində islamofobiya aşağıdan yuxarı deyil, yuxarından aşağı yayılır: "Misal olaraq, 2019-cu ildə Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları özəl sektorda çalışanlara nisbətdə daha çox olub. Fransa və digər Avropa ölkələri ilə bağlı konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Əhalinin 10 % müsəlmandır. Həmin məscidlər bir otaqdan ibarətdir. Kənardan dəstəyi isə ölkə rəhbərliyi Fransanı islamlaşdırmaq kimi qəbul edir".

G.İsmayılov əlavə edib ki, özəl təhsil müəssisələrində dini təhsil almaq üçün müraciət edən gənclərin 60%-dən yuxarısı imtina cavabı alır: "Getdikcə bəzi Avropa ölkələrində müsəlmanlar cv-lərini təqdim etdikdə dini inanclarını göstərməməyə meyilli olurlar. Bir sıra Avropa ölkələrində, xüsusilə də Fransada müsəlmanlar arasında işsizlik faizi həddindən artıq çoxdur".

O qeyd edib ki, Fransada müsəlmanlara qarşı islamofobiyanın 80 %-i məhz qadınlara yönəlikdir: "Bu ölkədə dini məzmunlu təhsil də yalnız özəl müəssisələrdə tədris olunur. Müsəlman dini icmalar dövlətdən güzəşt əldə etməkdə çətinlik çəkirlər".

Geri qayıt