Birxeber.az / Yaşar Çolak: Qərbdə hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir

Yaşar Çolak: Qərbdə hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir

8-03-2024, 13:40

Qərb ölkələrində hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Diyanet Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti Yaşar Çolak Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün islamofobiyanın sürətlə yayılması təəssüf doğurur: "İslamofobiya Qərb cəmiyyətlərində müəyyən tarixi qərəz şəklində özünü göstərir və həyatımızın ayrılmaz hissəsinı çevrilib. Mediada yanlış məlumatların verilməsi, siyasi diskurs islamofobiyaya öz "töhfə"sini verir. Bütün bunlar siyasi elita, icmalar arasındakı əməkdaşlıqların vəhdətinin yaradılmasını tələb edir. Bu məsələdə mentalitet və psixoloji amillər də mütləq şəkildə nəzərə alınmalıdır. Müsəlmanlara qarşı qorxu, nifrət və bu kimi fikirlər onları ciddi narahat edir. Son beş il ərzində aparılan müxtəlif tədqiqatlar islamofobiyanın Qərb ölkələrində və ABŞ-də artdığını nümayiş etdirir. Aparılan araşdırmalardan birində göstərilir ki, hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir. Çünki onlar nə ilə qarşılaşacaqlarını bilmədikləri üçün bu addımı atırlar".

Y.Çolak bildirib ki, müsbət imic formalaşdırmaq üçün media alətləri düzgün istifadə edilməli, animasiyalar, kompüter oyunları hazırlanmalıdır: "Gənc nəsillərin təhsillərinin bu sahədə prioritetləşdirilməsi də əsas amillərdən olmalıdır. Biz müxtəlif qurumların birgə tədqiqatarı nəticəsində islamofobiya ilə mübarizədə yeni rol modellər hazırlamaqla bu problemlə mübarizəyə fərqli istiqamətlərdə də töhfələr verə bilərik".

Geri qayıt