Birxeber.az / Emin Məmmədov: “Azərxalça”da çalışanların 70 %-dən çoxu qadınlardır"

Emin Məmmədov: “Azərxalça”da çalışanların 70 %-dən çoxu qadınlardır"

8-03-2024, 11:40

“Azərxalça” ASC ölkədə ən çox qadın işçisi olan qurumlarından biri hesab olunur. Burada çalışan 605 nəfərdən 436-sı müxtəlif regionlarından toxucu xanımlardır.

"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qurumda təşkil edilmiş tədbirdə bildirib.

"8 martın tarixi işçi qadınların haqlarının qorunması, qadınların maariflənməsi, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanaraq qadına hörmət, sevgi ifadəsi olan, onu zəriflik mücəssəməsi kimi dəyərləndirən bayrama çevrilib. Cəmiyyətin əsas məqsədləri, fəaliyyət istiqamətləri xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricində satışı, bu sahədə yeni texnologiyaların tətbiqi olsa da, toxuculuq qabiliyyətinə sahib qadınların çalışması, sosiallaşması, ictimayyətin aparıcı qüvvəsinə çevrilməsi qarşımızda duran digər müqəddəs vəzifələrdəndir. Regionlarda çalışan, toxumaq qabiliyyəti olan, gözünü açıb toxuculuqla böyüyüb boya-başa çatan, bu işin sirlərinə dərindən bələd hər bir toxucu xanıma çatmaq, onları “Azərxalça”nın regionlarda fəaliyyət göstərən müəssisələrinə işə cəlb etmək, daha yaxşı çalışması, toxuması üçün onları həvəsləndirmək, öz sənətini daha gənc və toxuma aruzusu olanlara ötürməyə ruhlandırmaq öndə duran ən vacib məsələlərdən biridir", - deyə o qeyd edib.

“Azərxalça” bayram münasibəti ilə 14 müəsissəsində çalışan 16 ən yaxşı toxucusu üçün iki günlük gəzinti və istirahət təşkil edib. Öncə Bakıya gələn toxucularla Cəmiyyətin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda E.Məmmədovla görüş təşkil olunub. Daha sonra toxucular və Cəmiyyətin bir qrup kollektivi İçərişəhər və Azərbaycan İncəsənət Muzeyində gəzintidə olublar.

Geri qayıt