Birxeber.az / Ayxan Abbasov: “Hakim səhvi ilə qalib gəlməyi istəmərəm”

Ayxan Abbasov: “Hakim səhvi ilə qalib gəlməyi istəmərəm”

25-01-2024, 12:40

“Hakim səhvi ilə qalib gəlməyi mən özüm də istəmərəm. Həmişə düzgünlüyün tərəfdarı olmuşuq”.

Bunu “Birxeber.Az”a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

43 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XIX turunda Qəbələ şəhər stadionunda “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olduqları görüşdə futbolçuları Faiq Hacıyevin 9-cu dəqiqədə qırmızı vərəqə almasına münasibət bildirib. Baş məşqçi hakim səhvləri barədə geniş danışmağın tərəfdarı olmadığını bildirib: “Hər oyunda səhv olur. Ancaq kiçik səhvləri heç vaxt böyütməmişik. Bizi üzən eyni hərəkətə qarşı fərqli qərar olmasıdır. İnanıram ki, bundan sonra səhvlər azalacaq”.

Ayxan Abbasov XX turda “Səbail”ə qarşı keçiriləcək görüşə hazır olduqlarını söyləyib: “Kəpəz”lə oyun çox çətin keçdi. Əlverişsiz hava şəraitində və o cür meydanda 85 dəqiqə azlıqda çıxış etmək ikiqat ağır idi. “Kəpəz” və “Səbail”ə qarşı oyunlar arasında fasilə də azdır. Buna baxmayaraq, futbolçularımın qarşıdakı görüşdə tam güclərini ortaya qoyacaqlarına inanıram”.

Qeyd edək ki, “Turan Tovuz” – “Səbail” matçı yanvarın 26-da keçiriləcək. Tovuz təmsilçisi hazırda 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

Geri qayıt