Birxeber.az / Dövlət Agentliyi keçən il şikayətlər üzrə 401 qərar verib

Dövlət Agentliyi keçən il şikayətlər üzrə 401 qərar verib

25-01-2024, 11:50

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə 2023-cü ildə daxil olmuş 432 şikayət ərizəsindən 401-nə baxılaraq müvafiq qaydada qərarlar verilib.

Birxeber.Az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin rəisi Vüsal Ağayev 2023-cü ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

Bildirilib ki, il ərzində Agentliyə 21377 sənəd daxil olub, bu sənədlərdə tələb olunan sorğulara vaxtında cavab verilib. Agentlik tərəfindən edilmiş sorğular, müraciətlər və s. daxil olmaqla bu müddətdə aidiyyəti icra orqanlarına, müxtəlif müəssisə və təşkilatlara 14891 sənəd göndərilib.

O da bildirilib ki, ötən il ərzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda təşkil olunmuş müxtəlif ixtisaslar üzrə təlim kurslarında təhlükə potensiallı obyektlərdə çalışan 8358 nəfər iştirak edib.

Qeyd edilib ki, 15 müəssisədə 318 ədəd qaldırıcı qurğu və qazma vişkalarının sınağı aparılıb, hüquqi və fiziki şəxslərin istismar etdiyi 1085 ədəd avadanlığın defektoskopiyası keçirilib. 1938 ədəd təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələrinin texniki müayinəsi aparılıb. 1162 ədəd təhlükəli yüklərin daşınmasında istifadə olunan avtoçənlərin yuma deqazasiyası həyata keçirilib, 1762 ədəd texnoloji ve digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı aparılıb.

2023-cü il üzrə müxtəlif müəssisə və təşkilatlardan daxil olan müraciətlər əsasında onlara məxsus ayrı-ayrı qurğu və avadanlıqlara texniki təhlükəsizliklə bağı 2294, qaz layihələrinə dair ise 518 ekspertiza rəyi hazırlanıv və sifarişçiyə təhvil verilib.

Geri qayıt