Birxeber.az / Azərbaycanda aksiz markasız və saxta aksiz markalı siqaretin pərakəndə satışı aradan qaldırılıb

Azərbaycanda aksiz markasız və saxta aksiz markalı siqaretin pərakəndə satışı aradan qaldırılıb

7-03-2024, 12:40

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksiz markasız və saxta aksiz markalı tütün məhsullarının pərakəndə satışı hallarını aradan qaldırıb.

"Birxeber.Az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsi paytaxtın müxtəlif ərazilərində parklanmış nəqliyyat vasitələrində, o cümlədən köşklərdə yerləşən 21 satış nöqtəsində operativ vergi nəzarəti tədbirləri keçirib. Bu tədbirlər nəticəsində həmin obyektlərin hər birində qanunsuz yolla əldə edilmiş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirilməsi halları aşkar edilib. Nəzarət tədbirləri zamanı həmin obyektlərdən 16.062 qutu tütün məmulatı aşkar edilərək götürülüb. 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin əməlində Cinayət Məcəlləsinin 213-1 və 213-2-ci maddələrinin əlamətləri mövcud olduğu üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilib.

"Aksiz markası tələb olunan, lakin belə marka olmadan məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, habelə istehlak bazarına qeyri-qanuni istehsal edilmiş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək", - deyə məlumatda qeyd olunub.

Geri qayıt