Birxeber.az / Qərbi Azərbaycan Xronikası: Ermənilər Türkiyədən niyə Keşişkəndə köçürülüblər?

Qərbi Azərbaycan Xronikası: Ermənilər Türkiyədən niyə Keşişkəndə köçürülüblər?

6-03-2024, 23:40

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə insanlar, millətlər arasında düşmənçilik toxumu səpən ermənilərin izitirmə hiyləgərliyinin qurbanı olan Keşişkənd rayonu haqqında süjet hazırlanıb.

"Birxeber.Az" xəbər verir ki, “Daşnak Yaponun azərbaycanlılara yaşatdığı dram” adlı süjetdə Qərbi Azərbaycan ərazilərində əsrlərdən bəri mövcud olan, lakin haylar tərəfindən viran qoyulan oğuz türklərinə məxsus yaşayış yerlərinin izini itirməyin ermənilər üçün əsas hədəf olduğu bildirilib.

Qeyd olunub ki, indiki Ermənistanın Dərələyəz mahalı ərazisində yerləşən Keşişkəndə erməni əhali 1829-1830-cu illərdə Çar Rusiyası tərəfindən İran və Türkiyədən köçürülüb. Buradan 1897, 1922, 1926, 1931 və 1940-cı illərdə yaşayan azərbaycanlılar məcburən qovulublar. Rayon ərazisi 1905, 1916-1918-ci illərdə erməni daşnaklarının hücumlarına məruz qalıb. 1918-ci ilin yazında daşnak Yaponun hücumlarından yaxa qurtarmaq üçün dinc əhali Vedibasar özünümüdafiə dəstələrinin komandanı Abbasqulu bəy Şadlinskinin mühafizəsi ilə müvəqqəti olaraq Güney Azərbaycanda sığınacaq tapıb. Həmin əhali sonradan Naxçıvandan keçərək öz yurdlarına qayıdıb. 1920-ci ildə rayon ərazisində sırf 66 azərbaycanlı kəndi olduğu halda, 1988-ci il deportasiyasına qədər bu say yeddiyə düşüb.

Diqqətə çatdırılıb ki, Keşişkənd rayon kimi 1931-ci il oktyabrın 15-də yaradılıb:

“1935-ci il yanvarın üçünə kimi rəsmi olaraq Keşişkənd rayonu, həmin tarixdən 1957-ci il dekabrın altısına kimi Mikoyan rayonu, ondan sonra isə Yeğeqnadzor rayonu adlandırılıb. Bu ərazidə 1988-ci ilə qədər azərbaycanlılar yaşayıblar və həmin ilin payızından başlayaraq ermənilər tərəfindən qovulublar. Ermənistan parlamentinin qərarı ilə rayon üzrə 23 tarixi yer adları dəyişdirilib, mərkəzi Yeğeqnadzor olan Vayots Dzor mərzliyi yaradılıb. Mərzliyə Keşişkənd, yəni Yeğeqnadzor, Paşalı/Əzizbəyov, yəni Vayk rayonları, eləcə də Quşçu/İstisu, yəni Cermuk şəhəri daxil edilib”.

Sonda vurğulanıb ki, erməni fitnəkarlığının qurbanı olan bu ərazilərdən azərbaycanlıların uzaqlaşdırılması əbədi ola bilməz və Qərbi azərbaycanlılar doğma evlərinin qapısını açmaq arzusu ilə yaşayırlar:

“Əminik ki, onlar qayıdacaqlar və dağıdılan ocaqlarında firavan həyat tərzini bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Geri qayıt