Birxeber.az / Şoyqu Moskva və Leninqrad hərbi dairələrinin yenidən yaradılmasına aydınlıq gətirib

Şoyqu Moskva və Leninqrad hərbi dairələrinin yenidən yaradılmasına aydınlıq gətirib

5-03-2024, 14:50

Rusiya müdafiə naziri Sergey Şoyqu Leninqrad və Moskva hərbi dairələrinin yaradılmasının səbəbini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Şoyqu yeni hərbi dairələrin NATO-nun şərqə doğru genişlənməsi və Rusiya Federasiyasının sərhədləri yaxınlığında alyansın yeni hərbi infrastrukturunun yaradılması ilə bağlı təhlükələr səbəbindən yaradıldığını söyləyib.

Qeyd edək ki, Rusiyada Moskva və Leninqrad hərbi dairələri yenidən yaradılıb. Bu barədə prezident Vladimir Putin fərman imzalayıb.

Leninqrad və Moskva hərbi dairələri 2010-cu ilin sentyabrına qədər mövcud olub. Belə ki, həmin ildə o vaxtki prezident Dmitri Medvedev Leninqrad və Moskva hərbi dairələrinin Qərb Hərbi Dairəsinə daxil olmaları barədə fərman imzalayıb və ölkə ərazisində hərbi dairələrin ümumi sayı altıdan dördə endirilib. Şimali Qafqaz Dairəsinin bazasında Cənub Hərbi Dairəsi yaradılıb. Privolje-Ural hərbi dairəsinin bazasında Mərkəzi Hərbi Dairəsi, Sibir və Uzaq Şərq dairələrinin bazasında isə Şərq hərbi dairəsi yaradılıb. Şimal Donanması isə 2021-ci ildən hərbi dairə statusuna malik olub.

Yenidən yaradılan Leninqrad hərbi dairəsinə Sankt-Peterburq və Leninqrad vilayəti, Kareliya, Komi, Nenets Muxtar Dairəsi, həmçinin Arxangelsk, Voloqda, Kalininqrad, Murmansk, Novqorod və Pskov vilayətləri, Moskva hərbi dairəsinə isə paytaxt və Moskva vilayəti, Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Nijni Novqorod, Orel, Ryazan, Smolensk, Tambov, Tver, Tula, Yaroslavl vilayətləri daxil edilib.

Yenidən yaradılmış iki hərbi dairədən başqa, Mərkəzi, Şərqi və Cənub hərbi dairələri də qorunub saxlanılıb. Putinin fərmanına əsasən, 2022-ci ilin sentyabrında Rusiyanın tərkibinə daxil olan dörd yeni bölgə, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri Cənub hərbi dairəsinə daxil edilib.

Geri qayıt