Birxeber.az / Pərviz Şahbazov: "Azərbaycan və Qazaxıstan çoxistiqamətli əlaqələri genişləndirmək əzmindədir"

Pərviz Şahbazov: "Azərbaycan və Qazaxıstan çoxistiqamətli əlaqələri genişləndirmək əzmindədir"

5-03-2024, 12:40

Bu gün Astanada keçirilən Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, komissiyanın 21-ci iclasının gələn il Bakıda keçirilməsi razılaşdırılıb.

İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin arasında ikitərəfli görüş olub. İki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımlar, ixrac-idxal malları nomenklaturunun genişləndirilməsi, enerji, investisiya, nəqliyyat-logistika sahələri üzrə prioritet əhəmiyyətli layihələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında qardaşlıq və dostluğa əsaslanan yüksək səviyyəli Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni tarixi mərhələdə inkişafını təmin edən çoxşaxəli əməkdaşlıq gündəliyi, hədəflər, ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı, səhiyyə, qida təhlükəsizliyi, kosmik fəaliyyət, rəqəmsallaşma, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib.

"Ticari-iqtisadi tərəfdaşlığın kompleks proqram və mühüm əhəmiyyətli sənədlərlə dəstəklənməsi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranziti, Orta Dəhlizin imkanlarından səmərəli istifadə etmək üçün ölkələrimizin səyləri, Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş, həmçinin Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə Avropaya ixracı üçün “yaşıl enerji” dəhlizinin yaradılması ilə bağlı əməkdaşlığımız göstərir ki, ölkələrimiz çoxistiqamətli əlaqələrimizi genişləndirmək əzmindədir. Bu xüsusda, hökumətlərarası komissiya çərçivəsində fəaliyyətimiz mühüm əhəmiyyət kəsb edir”, - P. Şahbazov bildirib.

M. Karabayev vurğulayıb ki: “Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verir. 2023-cü ildə Qazaxıstanla Azərbaycan arasında yükdaşımaların həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib. Orta Dəhliz üzrə həcm 65 % artaraq 2,8 milyon tona çatıb. Prezident Kasım-Jomart Tokayevin martın 11-12-də Azərbaycana rəsmi səfəri ərəfəsində keçirilən bugünkü görüşün əhəmiyyətini bir daha qeyd etmək istərdim”.

İclas zamanı bildirilib ki, 2023-cü ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi 314 milyon ABŞ dolları təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon ABŞ dolları investisiya yatırıb. "Yaxın vaxtlarda növbəti iclası keçiriləcək Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlığın, həmçinin ticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub. Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlıq üzrə məsələlər, qazax şirkətlərinin azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Füzulidə 600 şagird yerlik “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması yüksək qiymətləndirilib", - məlumatda deyilir.

Bundan başqa neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi, birgə layihələrdə iştirak imkanları, müxtəlif marşrutlarla Qazaxıstan neftinin tranzit həcmlərinin, Orta Dəhliz vasitəsilə yüklərinin daşınmasının artırılması məsələrinə baxılıb. Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisinin yekunlaşdırılması, “Mərkəzi-Asiya-Avropa” marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesinə başlamaq üçün texniki tapşırıq sənədinin tezliklə hazırlanması, sadalanan bütün istiqamətlər üzrə müvafiq addımların atılması razılaşdırılıb. Hər iki ölkənin “yaşıl enerji”yə keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub.

Geri qayıt