Birxeber.az / Biləsuvarda seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

Biləsuvarda seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

24-01-2024, 23:40

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Biləsuvar rayonunda Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, 69 saylı Biləsuvar Dairə Seçki Komissiyası üzrə treninqlərdə seçki dairəsinin 46 məntəqəsi üzrə 276 nəfər məntəqə seçki komissiyasının üzvü iştirak edib.

Treninqlərdə əyani vəsaitlərdən istifadə edilməklə məntəqə seçki komissiyalarının üzvlərinə səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, seçki günü prosedurları barədə ətraflı məlumat verilib. Praktiki məşğələlər zamanı seçki prosedurları ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılara MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun və bir sıra digər zəruri sənədlərin nümunələri paylanılıb.

Diqqətə çatdırılıb ki, seçki məntəqələri bütün lazımi texniki və inventar avadanlıqlarla təmin olunub.

Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 53 min 265 seçici qeydə alınıb. Onlardan 3545 nəfəri ilk dəfə səs verəcək, 3 nəfəri isə 100 yaşdan yuxarı olan seçicilərdir.

Geri qayıt