Birxeber.az / AŞPA-dan Azərbaycanla bağlı qərar: Əməkdaşlıq davam edəcəkmi? - TƏHLİL

AŞPA-dan Azərbaycanla bağlı qərar: Əməkdaşlıq davam edəcəkmi? - TƏHLİL

24-01-2024, 22:50

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləməyib. Almaniyalı deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri AŞPA Monitorinq Komitəsi məqbul sayıb.

AŞPA-nın qış sessiyasının bugünkü iclasında isə sözügedən təkliflər əsasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərar qəbul edilib.

Səsvermədən öncə çıxış edən Ukrayna və Türkiyə nümayəndələri Assambleya üzvlərini doğru qərar qəbul edərək təşəbbüsü dəstəkləməməyə çağırıb.

Sessiyada, həmçinin, vurğulanıb ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmir.

Qeyd edək ki, AŞPA Azərbaycana qarşı 4 əsas iddia irəli sürür. Bu iddiaların əsassızlığı faktlarla sübut etmək isə o qədər çətin deyil.

Arqumentlərdən biri Qarabağın erməni əsilli sakinlərinin bölgədən zorakılıqla köçürülməsi ilə bağlıdır.

Əvvəla, AŞPA artıq mövcud olmayan coğrafi anlayışdan - Dağlıq Qarabağ ifadəsindən istifadə edir. İkincisi, erməni əhalinin əksəriyyətinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunu tərk etməsində rəsmi Bakının hər hansı təzyiqi, zorakılıq göstərməsi iddiaları heç bir sağlam məntiqə sıxmır.

Həmin köç prosesi bütün dünyanın gözü qarşısında, KİV nümayəndələrinin maneəsiz işıqlandırması şəraitində baş tutdu. Rəsmi Bakının erməni sakinlərlə eleqant davranışını göstərən, onları zəruri qida və digər vasitələrlə təmin etdiyinə dair yüzlərlə foto və video fakt mövcuddur.

Ötən il oktyabr ayının əvvəlində Qarabağa səfər etmiş BMT missiyası yaydığı bəyanatında da bildirmişdi ki, Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar zamanı Xankəndidə və digər yerlərdə mülki infrastruktura, məktəblərə, xəstəxanalara heç bir ziyan dəyməyib. Bəyanatda vurğulanırdı ki, yer əhali ilə (Qarabağda qalan erməni əsilli şəxslər) söhbətlərdə onlardan hər hansı şikayət daxil olmayıb.

Bununla yanaşı, antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir zərərin dəymədiyini Ermənistan Baş naziri Nikol Paşinyan belə təsdiqləmişdi.

AŞPA-dakı deputatların diqqətinə onu da çatdırmaq yerinə düşər ki, Azərbaycan hakimiyyəti antiterror tədbirlərindən öncə də, sonra da bölgənin erməni sakinlərinin reinteqrasiyası üçün aydın və konkret plan irəli sürüb.

Bunun üçün, sadəcə, erməni sakinlərindən Azərbaycan vətəndaşlığını qəbul etmək tələb olunurdu. Rəsmi Bakı Qarabağın erməni sakinlərinin dil, mədəni, dini və bələdiyyə hüquqlarını təmin edəcəyini dəfələrlə açıqlamışdı.

Amma 30 il qondarma rejimin və rəsmi İrəvanın təbliğat maşının təsiri altında olan, “beyin yuyulması”na məruz qalan erməni sakinlər könüllü sürətdə ərazini tərk etdi. Bununla belə, rəsmi Bakı daha bir jest edərək Ermənistan və digər ölkələrə köç edən ermənilərin Qarabağa qayıtmaq hüququnun qaldığını, onların mülkiyyət hüququnun qorunduğunu açıqladı.

AŞPA-nın növbəti arqumenti Azərbaycanın nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır. Bu arqumentin də “dişsiz” olduğunu isbat etmək çətin deyil.

Aydındır ki, beynəlxalq təşkilata üzv olan ölkə üzərinə bır sıra öhdəliklər götürür, amma bu proses bütün ikitərəfli münasibətlərdə olduğu kimi, qarşılıqlı xarakter daşımalıdır. Avropa Şurası Parlament Assambleyası isə Azərbaycanla bağlı, ölkəyə səfərlər zamanı yalnız öz maraqlarına uyğun, məhdud gündəliyi müzakirə edib.

Qəribə vəziyyət yaranır: 30 il ərzində Qarabağın və Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yuman, burdakı real vəziyyəti müşahidə etməyə nümayəndə göndərmək üçün Ermənistana təzyiq göstərməyən AŞPA işğal faktını öz gücü hesabına aradan qaldıran, öz torpaqlarını təmizləyib, ərazi bütövlüyünü bərpa edən Azərbaycana təzyiq edir. AŞPA bununla ortaya klassik ikili standartlar yanaşması qoyur. Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərini işğal etməsi faktına qarşı yalnız hüquqi çəkisi, heç bir praktiki təsir gücü olmayan azsaylı bəyanatlar verib. AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr versə də, icrası üçün heç bir addım atmayıb. Həmin qətnamələri icra etməyən Ermənistana heç bir sanksiyanı və hətta nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması məsələsini də müzakirə etməyib.

AŞPA 30 il ərzində Azərbaycan ərazilərinin işğal faktına göz yumub, Ermənistana özəl münasibət sərgiləyib. Qurumu Azərbaycanla münasibətlərdə yalnız ermənilərlə bağlı məsələlər narahat edib, yalnız bu mövzunu prioritet sayıb.

Hətta Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra digər Avropa institutları kimi, AŞ və AŞPA da Ermənistanın işğal müddətində törətdiyi dağıntıları, kəndlərin, şəhərlərin yer üzündən silinməsini, maddi-mədəni, dini irsin yox edilməsini öz gözləri ilə görmək üçün heç bir təşəbbüs göstərməyib, Bakının dəvətlərinə isə qarşılıq verməyib.

Beləliklə, öz məhdud gündəliyi ilə ölkəmizə səfərlər təşkil etmək istəyən AŞPA Azərbaycanla münasibətlərin qarşılıqlı inkişafı, ölkəmizdə fikir, söz azadlığı və digər mövzularda faydalı müzakirələrə maraq göstərmir, yardımçı hesab etdiyi həmin mövzuları rəsmi Bakıya qarşı manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışır. AŞPA nümayəndələri səfərləri zamanı azərbaycanlı məcburi köçkünlərlə görüşdən belə yayınırlar.

Belə olan halda, AŞPA ilə münasibətlərdə öz gündəliyi olan Azərbaycan maraqlarının gözardı edilməsini heç bir halda qəbul edə bilməz. AŞPA Azərbaycanın dövlət maraqları ilə hesablaşmadığı halda onun nümayəndə heyətinin ölkəmizə səfəri hansı səmərəni verə bilər?
AŞPA-nın daha bir iddiası Azərbaycanda “siyasi məhbus”larla bağlıdır.

AŞPA 2001-ci ildə Azərbaycan təşkilata üzv olduqdan bəri “siyasi məhbus” problemini təzyiq vasitəsi kimi ölkəmizə qarşı istifadə edib. İndi də qurum iqtisadi və kriminal xarakterli cinayət faktları ilə bağlı araşdırma çərçivəsində saxlanılan şəxsləri “siyasi məhbus” kateqoriyasına aid edir, Azərbaycanda repressiyaların aparıldığını iddia edir. Lakin unudur ki, “siyasi məhbus” dediyi şəxslərlə bağlı məhkəmə istintaqı hələ başlamayıb, onlar barəsində heç bir hökm çıxarılmayıb. Belə olan halda, AŞPA-nın indidən əl-ayağa düşməsi Azərbaycanın demokratik təsisatlarına, müstəqil məhkəmə sisteminə əlavə təzyiq kimi dəyərləndirilməli, qurumun ədalətin təntənəsində maraqlı olmadığını aşkar şəkildə göstərir.

AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün yekun iradı isə rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməməsi göstərilib.

Azərbaycan istər prezident, istərsə də parlament seçkiləri ilə bağlı həmişə beynəlxalq qurumlara, o cümlədən Avropa Şurası Parlament Assambleyasına dəvət göndərib. AŞPA nümayəndə heyəti müşahidəçi qismində iştirak etdiyi seçkilərdə, o cümlədən 2020-ci ildə keçirilən sonuncu parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinə dair müsbət rəyləri var.

Amma 2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı hücuma keçən, ölkənin uğurlarına qıcıq olan qurumlardan biri də AŞPA olub. Avropa İttifaqının siyasi təsiri altında olan AŞPA Brüsselin və Parisin təsiri altında ötən aylarda qeyri-obyektiv yanaşması ilə diqqət çəkib, bununla özünün beynəlxalq nüfuzuna zərbə vurub. Qurumun Azərbaycana yanaşması da onun seçki prosesi, ümumiyyətlə Azərbaycanla bağlı qərəzli və obyektivlikdən uzaq mövqe tutduğunu sezməyə imkan verir.

Beləliklə, AŞPA özü özünə quyu qazaraq əhəmiyyətsiz, nüfuzu olmayan quruma çevrilib. Onun Avropada, dünyada gedən proseslərə təsir imkanı yoxdur. Azərbaycan Qarabağ münaqişəsinin həllinə dəstək üçün quruma üzv olsa da, Ukrayna və Gürcüstan münaqişəsində olduğu kimi bu məsələdə də öz passivliyi, hadisələrə real təsir imkanlarının yoxluğu ilə fərqləndi. AŞPA Qarabağ məsələsinin həllində heç bir faydalı rol oynamadı. Əksinə, son addımları ilə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmasına yol aça bilər. Çünki rəsmi Bakı Almaniya və Fransanın anti-Azərbaycan platformasına çevirdiyi qurumun obyektivliyinə güvənmir.

Məhz bu güvənsizliyə və AŞPA-nın bugünkü qərarına görə Azərbaycan nümayəndə heyəti Bəyanat yayaraq, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə qərar qəbul etdiyini açıqlayıb.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra sessiyanı yarımçıq tərk edib.

Azərbaycan bu bəyanatla bir daha nümayiş etdirdi ki, heç bir ölkə və beynəlxalq təşkilat onunla diqtə dilində danışa bilməz.

Sonda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Monitorinq Komitəsinin qərarına etiraz məktubunda qeyd etdiyi kimi: "Nümayəndə heyətimizin etimadnaməsinin ratifikasiyasından imtina AŞPA-nın və ümumilikdə Avropa Şurasının hakimiyyətinə ciddi zərbə olacaq və onun ağır nəticələrinə görə məsuliyyət bu dar düşüncəli addımın təşəbbüskarlarının üzərinə düşür".

Birxeber.Az Analytics

Geri qayıt