Birxeber.az / Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib

Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib

2-03-2024, 12:40

Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 106-cı ildönümə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Hərbi institutun şəxsi heyətinin, ictimaiyyət və incəsənət nümayəndələrinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər hərbi təhsil müəssisəsinin savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsi ilə Ordumuza verdiyi töhfədən və keçdiyi inkişaf yolundan, torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında hərbi institutun məzunlarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrə, o cümlədən elm və təhsil sahəsinə diqqət daha da artırılıb. Bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsildə aparılan islahatlar nəticəsində kursantların hərbi biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb.

Sonda hərbi institutun yaranmasının 106-cı ildönümə həsr olunmuş konsert proqramı təqdim edilib, şəxsi heyətin mədəni istirahətinin təşkilində göstərdikləri köməkliyə görə bir qrup ictimaiyyət nümayəndəsi fəxri fərmanla mükafatlandırılıb.

Geri qayıt