Birxeber.az / Vədinə və sözünə xilaf çıxan İrəvanın diqqətinə - “dəmir yumruq” yerindədir - ŞƏRH

Vədinə və sözünə xilaf çıxan İrəvanın diqqətinə - “dəmir yumruq” yerindədir - ŞƏRH

24-01-2024, 18:40

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə torpaqlarını erməni işğalından azad etməklə Cənubi Qafqazda yeni reallıq yaratdı, postsovet məkanında separatizmə son qoyan ilk ölkə oldu. Biabırçı kapitulyasiya sənədinə imza atmağa məcbur olan məğlub İrəvan bir sıra tələbləri yerinə yetirəcəyi vədini verdi. Lakin proseslərin də gedişi göstərdi ki, Ermənistan çirkin xislətindən əl çəkə bilmir. 2020-ci il noyabr ayından sonra da Azərbaycan ərazilərində təxribatçı, separatçı əməlləri davam etdirməsi də bu faktı təsdiqləyir. Təxribatçı əməllərə cavab tədbirləri də özünü çox gözlətmədi. Azərbaycan 2023-cü ilin 19-20 sentyabrında həyata keçirdiyi antiterror tədbirləri ilə erməni separatizminə birdəfəlik son qoydu. Bununla da, ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycan torpaqlarında süni şəkildə yaradılan qondarma qurum tarixin arxivinə göndərildi. Antiterror tədbirlərin yekununda qondarma separatçı rejim də özünü buraxdı.

Ermənistanla sülh müqaviləsinin imzalanmasını prioritet məsələ kimi nəzərdən keçirən Azərbaycan bəyan etdi ki, regionun rifahı, sülh və əmin-amanlıq məhz qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasından keçir. Rəsmi İrəvan da səsləndirdiyi bəyanatlarda Azərbaycanın yaratdığı reallığı ən yüksək səviyyədə qəbul edib, baş nazir Nikol Paşinyan səviyyəsində Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyib. Necə deyərlər, bir vaxtlar “Qarabağ Ermənistandır” deyən Nikol Paşinyan üstündən üç il sonra ifadəsini dəyişərək Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirdi. Hökumət başçısı hətta “dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasın”, - deyərək əlavə edib ki, Ermənistan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib. Baş nazir 2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib və əlavə edib ki, Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan isə Ermənistanın 29 800 kv.km ərazisini tanıyıb. Lakin Ermənistanın yerinə bir başqa dövlət olsaydı, bəlkə də dediklərini ciddi qəbul etmək olardı. Ermənilərin verdiyi sözə, imzaladığı sənədə hörmət etmədiklərinin şahidiyik, bu onları xarakterizə edən əsas xüsusiyyətdir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də İrəvanın verdiyi sözə, imzaladığı sənədə hörmət etmədiyini, destruktiv münasibət sərgilədiyini dəfələrlə bəyan edib, Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, yaxud bunu ləngitdiyini bildirib. Azərbaycan isə əksinə, beynəlxalq hüququn aliliyini nəzərə alaraq imzaladığı sənədlərə tam olaraq əməl edir. “Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi, yenə də dəyişməyən siyasət xəttini davam etdirir. Münasibətlərin tənzimlənməsi istiqamətində görüşlər müharibədən keçən bir ildən çox müddətdə ərzində nəticəsiz görünür. Deməli, erməni xislətinin ikiüzlü, yalanla dolu siyasi istiqaməti dövlət sənədlərinə də öz təsirini göstərir. Ona görə də biz Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmamalıyıq”, - Prezident İlham Əliyev 2022-ci il yanvarın 22-də yerli telekanallara müsahibəsində söyləyib.

Faktlar da kifayət qədərdir. Son üç ildə dəfələlə buna şahid olmuşuq. Məsələn, İrəvan 2020-ci il üçtərəfli bəyanata imza atsa da, tezliklə ona əməl etməkdən boyun qaçırdı. Zəngəzur dəhlizinin açılması il bağlı üzərinə öhdəlik götürsə də, sonradan belə bir razılıq vermədiyini bəyan etdi. Eləcə də, İrəvanın minalarla çirkləndirilmiş ərazilərin xəritəsini Azərbaycana verəcəyini vəd etməsini yada salaq. Eləcə də, qondarma və keçmiş “DQR”nin buraxılması barədə qərar qəbul edilsə də, az keçməmiş bu sözünə də əməl etmədi.

Ermənistan rəhbərliyinin digər avantürası Qarabağla bağlıdır. Ötən əsrin 90-cı illərində qəbul edilən işğalçı, separatçı doktrinadan imtina edilməyib. Azərbaycan İrəvanın bu doktrinasını arxivə atsa da, hələ də rəsmi İrəvan öz ampluasındadır. “Miatsum”, “Artsax” kəlmələrini mütəmadi istifadə edir. Sülh müqaviləsi, ərazi bütövlüyünün təmin olunmasından dəm vuran İrəvan riyakarcasına bu terminlərdən mütəmadi istifadə edir. Ermənistan hakimiyyətində təmsil olunan şəxslər bütün bəyanatlarında da bu kəlmələri xüsusi qeyd edirlər. Hələ rəsmi və qeyri-rəsmi medianı demirik. Sülhdən əmin-amanlıqdan, ərazi bütövlüyündən dəm vuran Ermənistan bir daha göstərir ki, onun üçün hansısa bir dəyər, razılaşma əhəmiyyət kəsb etmir.

Beləliklə, Ermənistan sülh danışıqlarında və sülh müqaviləsinin imzalanmasında səmimidirsə, aşağıdakılara əməl etməlidir.

Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ərazi iddiaları ilə çıxışlara son qoymalı, sözdə deyil, əməldə Qarabağın Azərbaycanın ərazisi kimi qəbul etməlidir.

İkincisi, bütün strukturlarına qəti şəkildə bildirməlidir ki, “Artsax” ifadəsindən imtina edir.

Üçüncüsü, Qərb dövlətlərinin, onun himayəsində olan təşkilatların Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan kampaniyalarına dəstək verməyi dayandırmalıdır.

Ermənistan başa düşməlidir ki, 30 il əvvəl olduğu kimi, indi də onlardan istifadə etməyə çalışırlar. Əgər xalqının sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyirsə, qonşuları ilə inteqrasiyaya getməlidir. Əks təqdirdə, fəlakətləri və məşəqqətləri davamlı olacaq.

Geri qayıt