Birxeber.az / Firdovsi Umudov: “Bütün bölgələrdə ağırlıqqaldırma infrastrukturunu diqqət mərkəzində saxlayırıq”

Firdovsi Umudov: “Bütün bölgələrdə ağırlıqqaldırma infrastrukturunu diqqət mərkəzində saxlayırıq”

24-01-2024, 17:40

“Təkcə qərb yox, ölkənin bütün bölgələrində ağırlıqqaldırma infrastrukturunu, idmançılarımızın hazırlıq səviyyəsini, məşqçi-müəllimlərin iş prosesini diqqət mərkəzində saxlayırıq”.

Bunu “Birxeber.Az”a açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov deyib.

Bu günlərdə Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydəki ağırlıqqaldırma infrastrukturunun durumu ilə tanış olan, idmançılar və məşqçi-müəllimlərlə görüşən AAF rəsmisi bu səfərlərin mütəmadi təşkil ediləcəyini bildirib: “Təbii ki, çətinliklər var, görüləcək işlərimiz də çoxdur. Birdən-birə hər şeyi ideal vəziyyətə gətirmək mümkün deyil, səbrli olmaq lazımdır. Hər kəs başa düşməlidir ki, buna vaxt lazımdır. İşləri tədricən, mərhələli şəkildə görməliyik. Bütün məsələlərdə ən xırda detalları belə nəzərə alır, təhlil edir, mütəxəssislərin rəy və təkliflərini dinləyir, ən doğru qərarı verməyə çalışırıq”.

Firdovsi Umudov Azərbaycanda perspektivli ağırlıqqaldıranların olduğunu düşünür: “Ağırlıqqaldırma Azərbaycanın köklü idman növlərindəndir, böyük ənənələrə malikdir. Ölkəmizdə yetərincə perspektivli, böyük gələcək vəd edən idmançılar var və onların inkişafını təmin etmək üçün lazım olan bütün addımları atırıq. Burada kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsiylə seçim imkanlarının genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olmağımız, dəstək nümayiş etdirməyimiz bu fəaliyyətin bir hissəsidir”.

AAF-nin vitse-prezidenti bu idman növündə gələcəkdə daha böyük nailiyyətlərin qazanılacağına inanır: “Cənab Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində Azərbaycan idman ölkəsinə çevrilib. Beynəlxalq arenalardakı uğurlarımız da bunu bir daha sübut edir. Azərbaycan Ağırlıqqaldırma Federasiyası öz fəaliyyətini dövlətimizin bu siyasətinə uyğun qurur və inanıram ki, bunun nəticəsində ağırlıqqaldırmada da qələbələrimiz davam edəcək, daha böyük nailiyyətlər əldə edəcəyik”.

Geri qayıt