Birxeber.az / İtaliya klubu stadionunda günəş panellərindən istifadə edəcək

İtaliya klubu stadionunda günəş panellərindən istifadə edəcək

1-03-2024, 14:40

İtaliyanın “Udineze” futbol klubu ev oyunlarını keçirdiyi “Blue Energy” stadionunda günəş panellərindən istifadə edərək yeniliyə imza atıb.

“Report” İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, 2500 günəş panelinin quraşdırıldığı stadionda il ərzində 1 milyon meqavatdan çox elektrik istifadə olunacaq.

Klub bu layihə ilə günəş panellərindən ibarət ilk idman parkı yaratmaq niyyətindədir.

“Bunu etməklə biz, sadəcə, elektrik enerjisinə qanaət etmək niyyətimizi göstərmirik. Həm də klub olaraq sosial mesaj ötürürük”, - deyə “Udineze”nin reklam direktoru Maqda Pozzo bildirib.

Klub rəsmisi bu addım ilə karbon emissiyaların azaldılması yolunda unikal addım atdıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, “Udineze”nin stadionu bu layihəyə 4 il öncə başlayıb. 2022-ci ildə eyni məqsədlə “Qalatasaray” klubu da stadionunda günəş panellərindən istifadə etməyi qərara alıb. İstanbul təmsilçisinin stadionu 10 mindən çox günəş panelinin istifadə olunduğu ilk arena kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Geri qayıt