Birxeber.az / Sahibə Qafarova Özbəkistan parlamenti sədrinin birinci müavini ilə görüşüb

Sahibə Qafarova Özbəkistan parlamenti sədrinin birinci müavini ilə görüşüb

24-01-2024, 17:40

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Özbəkistan nümayəndə heyətini səmimiyyətlə salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib və qeyd edib ki, xalqlarımız dil, din, tarix, mənəvi cəhətdən oxşardırlar. Spiker, Özbəkistan nümayəndə heyətinin belə böyük və nüfuzlu tərkibdə ölkəmizə səfərinin də əlaqələrimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğunu söyləyib.

Görüşdə qeyd olunub ki, Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan müstəqil, inkişaf edən və özünü təmin edən ölkələrdir. Ölkə başçılarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, onlar eyni baxışlara malik böyük dövlət xadimləridir. Onlar öz xalqlarının daha da inkişafına, tərəqqisinə xidmət edirlər. Spiker hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini qeyd edib.

Söhbət zamanı Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən söhbət açaraq, qanunverici orqanlar arasında münasibətlərin də yüksək səviyyədə olmasını, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib.

O, özünün Özbəkistana səfərlərini və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Ali Məclisin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovla görüşlərini məmnunluqla xatırlayaraq bildirib ki, bu cür qarşılıqlı səfərlər və müsbət dialoq münasibətlərimizin daha da genişlənməsinə töhfələr verir. Sahibə Qafarova parlamentarilərimizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA, MDB Parlamentlərarası Assambleya və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini bildirib.

Sahibə Qafarova Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasından, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən və ölkəmizin öz suverenliyini tam bərpa etməsindən danışıb. Milli Məclisin sədri qeyd edib ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən sonra özbək ictimaiyyətinin də böyük sevincinin şahidi olduq. O, işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın tikdiyi məktəbin xalqlarımız və dövlətlərimiz arasındakı doğmalığın bir nümunəsi olduğunu qeyd edib.

Milli Məclisin sədri təəssüf hissi ilə bildirib ki, hazırda dünyada mövcud olan ikili standartlar bir sıra ölkələrə qarşı ədalətsiz mövqeyin sərgilənməsinə gətirib çıxarıb. O, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatlarının Azərbaycana qarşı qərəzli münasibətinin təəssüf doğurduğunu nəzərə çatdıraraq, dost və qardaş xalqlar olaraq bu kimi hallara, ikili standartlara qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edib.

Görüşdə, həmçinin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri deyib ki, bu seçkilər Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfədir ki, seçkilər Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçiriləcək. Ona görə də, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazılacaq və Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapacaq.

Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidov göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, dost ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini söyləyib. O, dövlətlərimizin və xalqlarımızın oxşar tarixə malik olduğunu diqqətə çatdıraraq, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Akmal Saidov deyib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamışdısa, Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu isə həm də o deməkdir ki, Heydər Əliyev tərəfindən başladılan işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

O, dövlət başçılarımızın müəyyən etdiyi xəttə uyğun olaraq, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Akmal Saidov Özbəkistanda ötən il keçirilmiş konstitusiya islahatları zamanı Azərbaycanın 2018-ci ildə bu sahədəki təcrübəsindən istifadə olunduğu barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Akmal Saidov Milli Məclisin sədrinə Özbəkistan və Azərbaycan alimlərinin birgə əməyinin bəhrəsi olan tarix və mədəniyyət sahələrinə dair kitablar təqdim edib.

Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Geri qayıt