Birxeber.az / BƏƏ şirkəti Azərbaycanda yeni günəş və külək elektrik stansiyalarının fəaliyyətinə dəstək verə bilər

BƏƏ şirkəti Azərbaycanda yeni günəş və külək elektrik stansiyalarının fəaliyyətinə dəstək verə bilər

1-03-2024, 11:40

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Energetika Şirkətinin (TAQA) Azərbaycanda yeni günəş və külək elektrik stansiyalarının fəaliyyəti ilə bağlı mümkün dəstəyinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun TAQA-nın ötürülmə və paylanma üzrə baş icraçı direktoru Omar Əl Haşmini və şəbəkə inkişafı və investisiyalar üzrə direktoru Qabriele Manduzionu ilə keçirdiyi görüşdə bildirilib.

Müzakirələr Azərbaycanda bu ilin yanvarın 1-dən qüvvəyə minmiş “Elektroenergetika haqqında" qanunda nəzərdə tutulan bir sıra məsələlər ətrafında olub. Həmçinin Azərbaycan, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi barədə məlumat verilib.

Qeyd edək ki, “TAQA” enerji holdinq şirkəti 2005-ci ildə təsis edilib. Əbu-Dabinin qabaqcıl şirkətlərindən biri olan TAQA əmirliyin iqtisadi strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Şirkət hazırda 11 ölkədə fəaliyyət göstərir. TAQA-nın investisiyaları əsasən enerji istehsalı, suyun şirinləşdirilməsi, neft və qazın hasilatı və saxlanması ilə məşğul olan şirkətlərə istiqamətlənib. Bundan əlavə, şirkət mədənçıxarma, metallurgiya və xidmət sektoruna yatırımlar edib.

Geri qayıt