Birxeber.az / Vüqar Oruc: “Rəqabət Məcəlləsi ilə haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq"

Vüqar Oruc: “Rəqabət Məcəlləsi ilə haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq"

24-01-2024, 17:40

Azərbaycanda bu ildən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ölkədə rəqabət mühitinin təmin edilməsi, haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi baxımından vacib sənəddir.

Bunu “Birxeber.Az”a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin prezidenti, eləcə də Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc bildirib.

“Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınmasına və rəqabət neytrallığının təmin olunmasına xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da şərait yaradacaq. Yeni sənəd, eyni zamanda, kartel tipli əlaqələrin qarşısının alınmasına, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarət edilməsinə, haqsız rəqabət hallarının aradan qaldırılmasına imkan verəcək”, - deyə o qeyd edib.

Rəqabət Məcəlləsinin bir çox üstünlüklərinin olduğunu deyən V.Oruc daha özəl sektorun inkişafı üçün yeni mərhələnin başlandığını bildirib: ”Haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq, biznes mühitinin cəlbediciliyi artacaq, azad rəqabət və əlverişli biznes mühiti investisiya qoyuluşlarını artıracaq, bazara giriş maneələrinin aradan qaldırılması təmin edilməklə, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyəti, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması prosesi sürətlənəcək”.

Onun fikrincə, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək: "İş adamları yeni mühitdə daha sağlam bazar subyekti kimi işgüzar münasibətlər quracaqlar. Dövlət isə biznesin imkanlarının artmasından maddi gəlirlər əldə edəcək. Ən əhəmiyyətlisi isə Məcəllə Azərbaycanın beynəxalq miqyasda biznes mühiti ilə bağlı mövqeyini yaxşılaşdıracaq, ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq və ölkəmiz rəqabətlililik hesabatlarında irəliləyəcək".

Ekspert hesab edir ki, Azərbaycanda sosial rifahın yüksəlməsi üçün yeni impulslar yaranacaq: "Kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyətinin artması yeni iş yerlərinin yaranmasına təkan verəcək, məhsul və xidmətlərin çeşidi, seçim imkanı artacaq, istehsalın və təklifin artması qiymətlərin azalmasına səbəb olacaq, əsassız qiymət artımları ilə mübarizədə səmərəlilik yüksələcək, qiymətlərin optimallaşmasına imkan yaranacaq, ədalətli rəqabət məhsulların və xidmətlərin keyfiyyətini yüksəldəcək, istehlakçıların hüquqlarının müdafiəsi güclənəcək”.

"Rəqabət Məcəlləsi inhisara qarşı mübarizəyə, qiymətlərin optimallaşmasına, bir sıra məhsulların ucuzlaşmasına xidmət etməsi baxımından əhəmiyyətlidir. Onun qəbul edilməsi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsinə, inhisara qarşı mübarizənin gücləndirilməsinə töhvə verəcək. Yeni tənzimləmə mexanizmləri yaranacaq. İqtisadi tənzimləmənin səmərəliliyi yüksələcək, iqtisadiyyatın “ağardılması”na töhfə veriləcək, təbii inhisar subyektlərinin fəaliyyətinin effektivliyi artacaq” - deyə V.Oruc əlavə edib.

Yanvarın 23-də Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib. Sənəd 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Geri qayıt