Birxeber.az / Ombudsman əməkdaşları internatlara və xüsusi məktəblərə baş çəkiblər

Ombudsman əməkdaşları internatlara və xüsusi məktəblərə baş çəkiblər

24-01-2024, 17:40

Ombudsmanın Milli Preventiv Qrupun (MPQ) üzvləri internat tipli təhsil müəssisələrinə, Sumqayıt şəhər internat tipli gimnaziyaya və Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə baş çəkiblər.

"Birxeber.Az"un məlumatına görə, başçəkmələr zamanı bu müəssisələrdə rəftar məsələləri və mövcud şərait araşdırılıb, keçirilmiş əvvəlki monitorinqlər üzrə verilmiş tövsiyələrin icrası vəziyyəti, sənədləşmə yerində yoxlanılıb, həmin müəssisələrin əməkdaşları və uşaqlarla söhbət aparılıb.

Sumqayıt şəhər internat tipli gimnaziyada əvvəllər qeyd alınan bir sıra nöqsanın aradan qaldırıldığı, lakin yataqxananın əsaslı təmir edilməsinə ehtiyacın olduğu müşahidə edilib. MPQ üzvləri rəftar məsələlərinin öyrənilməsi məqsədilə uşaqlarla görüşüb, onlarla konfidensial söhbətlər aparıb.

Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə isə, əvvəlki başçəkmə zamanı müəyyən edilən bəzi problemlərin hələ də qaldığı, müəssisədə pandusların quraşdırılması və havalandırma sisteminin təşkilinin təmin olunmadığı müşahidə edilib.

Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.

Geri qayıt