Birxeber.az / FHN-in karate komandası beynəlxalq turnirdə uğur qazanıb

FHN-in karate komandası beynəlxalq turnirdə uğur qazanıb

24-01-2024, 16:50

Bakı İdman sarayının arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı və “Baku City Residences”in baş sponsorluğu ilə 9-cu ARPACHAY OPEN-2024 turniri keçirilib.

FHN-dən Birxeber.Az-ya verilən xəbərə görə, turnirdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Oman, İran, Tunis, Çexiya və Belçikadan olmaqla, ümumilikdə 625-ə yaxın idmançı kata və kumite yarışlarında qüvvələrini sınayıblar. Yarışda 57 idmançı ilə təmsil olunan Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun karate komandasının idmançıları məşqçi-müəllimlər Murad Hacızadə, Coşqun Sadıqov, Akif Kərimov və Rafael Məmmədovun rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Belə ki, uşaqlar və yeniyetmələr arasında kumite yarışlarında Ömər Hacıyev (-35 kq), Nəzrin Şahməmmədli (-32 kq), Ramazan Mustafazadə (-30 kq), Arif Əlizadə (+50 kq) qızıl, Əziz Əhmədli, (-25 kq), Almaz Zülfüqarlı (-35 kq), Ramal Şahməmmədli (-25 kq), İsmayıl Hacıyev (-40 kq), Malik Məmmədli (-45 kq), Fatma Hacıyeva (-47 kq), Sadiq Bağırov (-50 kq) gümüş, Mehdi Əsgərov (-25 kq), Sahil Nurəliyev (-30 kq), Əli Səfərov (-52 kq) bürünc medala layiq görülüblər. Böyüklər arasında kumite yarışlarında isə Quliyev Ehram (-84 kq) 3-cü yeri tutaraq bürünc medala yiyələnib. Komanda kumite yarışlarında isə Amin Gözəlov, Azər Hacızadə, Tunar Alxaslı 2-ci yerə layiq görülüblər.

Gənclər, yeniyetmələr və veteranlar arasında kata yarışlarında Nihad Məmmədzadə (18-21 yaş) qızıl, Rafael Məmmədov (+50 yaş) gümüş, Yaqub Cəlalzadə (14-15 yaş) və Akif Məmmədli (16-17 yaş) isə bürünc medal qazanıblar.

Ümumilikdə isə FHN-nin karate üzrə yığma komandası turniri 5 qızıl, 7 gümüş və 5 bürünc medal qazanmaqla, medal sayına görə 3-cü yerdə başa vurub.

Qaliblərə “Arpaçay” karate klubunun təsis etdiyi medallar və Azərbaycan Karate Federasiyasının diplomları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev məşqçi-müəllimlərlə və turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Geri qayıt