Birxeber.az / Ombudsman Aparatı: Sumqayıtdakı internat tipli gimnaziya və xüsusi məktəbdə bəzi problemlər hələ də qalıb

Ombudsman Aparatı: Sumqayıtdakı internat tipli gimnaziya və xüsusi məktəbdə bəzi problemlər hələ də qalıb

24-01-2024, 16:50

Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və Sumqayıt şəhər internat tipli gimnaziyaya əvvəlki başçəkmələr zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı məsələlərin öyrənilməsi məqsədilə təkrar başçəkmələr həyata keçirilir və bu başçəkmələr bu il də davam etdirilib.

Bu barədə Ombudsman Aparatından APA-nın sorğusuna cavab olaraq deyilib. Bildirilib ki, başçəkmələrin effektivliyinin təmini məqsədilə monitorinqlərdə Milli Preventiv Qrupunun ixtisasca həkim, psixoloq üzvləri də iştirak edib, müəssisələrə baxış keçirilib, əməkdaş və uşaqlarla fərdi qaydada söhbətlər aparılıb:

“Sumqayıt şəhər internat tipli gimnaziyada hal-hazırda sıxlığın olmadığı, bu istiqamətdə zəruri tədbirlərin görüldüyü, müəssisədə cari təmir işlərinin aparıldığı, sənədləşməyə dair nöqsanın aradan qaldırıldığı müəyyən edilib. Qeyd olunanlarla yanaşı, bir sıra problemlər hələ də qalmaqdadır”.

“Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə də müəyyən problemlər aktual olaraq qalmaqdadır”, - deyə cavabda qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər İnternat Tipli Gimnaziyada keçirilmiş monitorinq zamanı 280 şagird yerlik müəssisədə sıxlığın yaşandığı, 720 uşağın qeydiyyatda olduğu müəyyən edilmişdi. Eyni zamanda müəssisənin, xüsusilə də onun yataqxanasının təmirə əsaslı ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu müəyyən edilmişdi.

Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər aşkar olunmuşdu. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilmişdi.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər internat tipli gimnaziyada qeyd olunan nöqsanlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 13 oktyabr 2023 cü il tarixdən 29 dekabr 2023-cü il tarixinədək yoxlamalar keçirilib:

“Əlavə olaraq Elm və Təhsil Nazirliyinin KQ-06 nömrəli, 24.10.2023-cü il tarixli kollegiya qərarına əsasən Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb, Sumqayıt şəhər internat tipli gimnaziya və Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyinə verilib. Müəssisələrdə təhvil-təslimi və monitorinqlərin aparılmasına başlanılıb”.

Geri qayıt